Azərbaycan Türkiyə və İranın xarici işlər nazirləri Türkiyədə görüşəcək

5 Yanvar 2014 18:06 (UTC+04:00)

"Azərbaycan Türkiyə və İran xarici işlər nazirləri arasında üçtərəfli görüş fevral və mart aylarında Türkiyədə baş tutacaq". Bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu iranlı həmkarl ilə görüşündən sonra keçirdiyi mətbuat konfransında deyib. 

Yerli mətbuatın xəbərinə görə, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə İran xarici işlər naziri Cavad Zərifi arasında görüş keçirilib. İstanbul "Çırağan" satayında baş tutmuş görüşdə Əhməd Davudoğlu iranlı həmkarına anasının vəfatı səbəbindən başsağlığı verib. 

Prezident seçildiyi ilk günlərdə Həsən Ruhani və Cavad Zərifi ilə görüşdüyünü xatırladan Davudoğlu, ölkələr arasında vaxtaşırı görüşlər keçirməyə qərar verdiklərini qeyd edib. 

Türkiyə XİN rəhbəri keçirilən görüşlərdə Azərbaycanın da iştirak edəcəyini bildirib. 

"Cənab baş nazirimizin bu ayın axırında İrana səfəri planlaşdırılır. Fevralda cənab Ruhaninin Türkiyəyə səfəri planlaşdırılır. Fevral və mart aylarında isə Cavad Zərifinin ölkəmizə səfəri və Azərbaycanın da iştirakı ilə üçtərəfli görüş planlaşdırılır. Yəni xarici işlərimizdə mütəmadi, fəal proses davam edir. Bu vəziyyətdən razıyıq".