Səhiyyə Nazirliyindən epidemiya xəbərdarlığı
7 Yanvar 2014 11:34 (UTC+04:00)
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi
(RGEM) respublika ərazisində yayılmış xəstəliklə bağlı açıqlama
verib. RGEM-nin Hava damcı infeksiyaları bölməsinin rəisi Nəzifə
Mürsəlova Movqe.az-a açıqlamasında bildirib ki, hazırda əhali
arasında yeni yayılmış xəstəliyin qrip növü olduğu barədə
məlumatlar dolaşsa da, bu xəbərlər doğru deyil: "Müraciət edən
xəstələrdən götürülən analizlər Respublika Taun Əleyhinə Stansiyada
laborotoriyada yoxlanılır. Hələki qrip virusunun hansısa növü
təsdiqlənməyib. Hazırda əhali arasında yayılmış xəstəlik kəskin
respirator infeksiya epidemiyasıdır".
N. Mürsəlova bildirib ki, mətbuatda əhali arasında yayılmış
xəstəliyin H3N2 virusu olduğu barədə xəbərlər yayılsa da belə bir
qrip növünün ölkə ərazisində olduğu təsdiqlənməyib: "Yenə də
deyirəm əhali arasında hazırda yayılmış xəstəlik kəskin respirator
infeksiya epidemiyasıdır. Bu xəstəliyin artmasının səbəbi isə tam
sağalmamış yataq rejimindən qalxmaqdır ki bu xəstəliyin yayılmasına
və şiddətlənməsinə səbəb olur. Bu cür xəstələr çalışmalıdırlar ki,
tam sağalanadək yataq rejimində olsunlar. Fərdi qorunma
üsullarından istifadə etməklə xəstəlikdən qorunmaq mümkündür".