Nuşirəvan Məhərrəmli: Xarici kanalların Azərbaycanda yayımı ilə bağlı dövlət hər hansı bir məsuliyyət daşımır

8 Yanvar 2014 22:22 (UTC+04:00)

Milli Televiziya və Radio Şurası (MTRŞ) Azərbaycanda xarici telekanalların yayımının dayandırılması ilə bağlı əhali arasında yaranan narahatlığa aydınlıq gətirib.

MTRŞ sədri Nuşirəvan Məhərəmli Trend-ə açıqlamasında deyib ki, indiyə qədər xarici telekanalların Azərbaycanda yayımı test yayımı idi: "Xarici kanalların Azərbaycanda yayımı ilə bağlı dövlət hər hansı bir məsuliyyət daşımır. Xarici kanalların yayımı ilə ancaq özəl şirkətlər, kabel televiziyaları məşğul ola bilərlər, eyni zamanda, xarici kanalları peyk antenaları vasitəsilə istənilən adam tuta bilər, amma dövlət yalnız yerli kanallarla bağlı məsələni gündəmdə saxlayır və onu da həyata keçirir".

N.Məhərrəmli əlavə edib ki, mətbuatda bəzən bununla bağlı qeyri-müəyyənliklər hiss olunur: "Sosial paket anlayışı da xaricdən gəlmədir. Hansı ölkədəki televiziya kanallarının sayı çox olur, yəni 40, 50 və ya 60 telekanal var, orada sosial paket yaradılır və içindən ən vaciblərini seçib əhaliyə pulsuz verirlər. Azərbaycan da isə ümumrespublika televiziya kanallarının sayı cəmi 10-a yaxındır. Bizim cəmi bir paketimiz var, ona da sosial paket demək olmaz, yəni Azərbaycanda bir paket var və əhali də ona pulsuz baxacaq".

Aztəminatlı ailələrə dekoderlərin verilməsi məsələsinə toxunan N.Məhərrəmli deyib ki, bu məsələdə gündəmdədir: "Biz bu məsələni qaldırmışıq. 2014-cü ildə bu məsələnin müsbət həll olunacağını gözləyirik".