Çimərlik mövsümü başladı

1 İyun 2012 14:36 (UTC+04:00)

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidməti (DSXX) tərəfindən 2012-ci il çimərlik mövsümünə start verilib.

Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən çimərlikdə çimərlik mövsümünün açılışı ilə bağlı tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə, nazirliyin əlaqədar qurumlarının nümayəndələri, Xəzər rayon İcra Hakimiyyətinin təmsilçiləri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçılarına DSXX-nin inventarında olan müasir xilasetmə texnikaları nümayiş etdirilib. Daha sonra dənizdə şərti boğulan şəxslərin xilas olunması əməliyyatı keçirilib.

Qeyd olunub ki, FHN yaradılandan sonra bu günədək suda boğulan 2635 nəfər xilas edilib. Qeyri-çimərliklərdə boğularaq dünyasını dəyişmiş 487 nəfərin isə cəsədi çıxarılaraq təhvil verilib.

O da bildirilib ki, xilasetmə heyətinin peşəkarlığının artırılması üçün nazirlik tərəfindən bir sıra tədbirlər həyata keçirilib. O cümlədən dalğıc-motorçu və sükançıların peşəkarlığının artırılması məqsədi ilə FHN Akademiyasında kurslar təşkil olunub.