XİN Azərbaycan vətəndaşlarının Suriyada öldürülməsi ilə bağlı xəbərlərə münasibət bildirib

9 Yanvar 2014 12:43 (UTC+04:00)

"İlk növbədə çalışırıq ki, orada öldürüldüyü bildirilən şəxslərin Azərbaycan vətəndaşı, yaxud azərbaycanlı olub-olmadığını müəyyənləşdirək". Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib: "Suriyada vəziyyət hazırda gərgin olaraq qalır. Biz əvvəllər də qeyd etmişik ki, bununla əlaqədar Azərbaycanın Suriyadakı səfirliyi də fəaliyyətini dayandırıb. Səfirlik isə Livanın paytaxtı Beyruta köçürülüb və orada fəaliyyət göstərir. Buna baxmayaraq, biz Suriyada baş verənləri yaxından izləyirik və ilk növbədə çalışırıq ki, orada öldürüldüyü bildirilən şəxslərin Azərbaycan vətəndaşı, yaxud azərbaycanlı olub-olmadığını müəyyənləşdirək. Həmin şəxslərin Azərbaycan vətəndaşı və yaxud azərbaycanlı olması müəyyənləşərsə, bundan sonra araşdırılmalıdır ki, onlar Suriyaya hansı yollarla və hansı vasitələrlə gedib çıxıblar. Nəzərə alsaq ki, Suriyada hazırda vəziyyət gərgin olaraq qalır və bu ölkədə heç bir diplomatik nümayəndəlik fəaliyyət göstərmir, bunun bizim araşdırmalarımıza necə böyük əngəl törətdiyini müəyyən etmək çətin deyil. Lakin bu çətinliklərə və əngəllərə baxmayaraq, bizim bu istiqamətdə araşdırmalarımız davam etdirilir".


E. Abdullayev həmçinin Azərbaycan Xarici İşlər Nazirliyinin 2011-ci ildə elan etdiyi Azərbaycan vətəndaşlarının Suriyaya səfər etmələrinin məqsədə uyğun hesab edilməməsi ilə bağlı xəbərdarlığının qüvvədə qaldığını da xatırladıb.


Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra xeyli sayda Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif radikal qruplaşmaların tərkibində hökumət qüvvələrinə qarşı vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-ə yaxın azərbaycanlı həyatını itirib. Onların bir çoxlarının fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb. Təkcə son bir həftədə Suriyada dörd azərbaycanlı mücahidin öldürüldüyü bildirilir.