Əmək terapiyası özünəgüvəni artırır
9 Yanvar 2014 22:29 (UTC+04:00)
Əmək terapiyası fiziki qüsuru olan insanları
sosial həyata qaytarmaq, ünsiyyət problemini aradan qaldırmaq,
əqlin ləngiməsi zamanı və insanlarla münasibətləri tənzimləmək üçün
yerinə yetirilən bir terapiya formasıdır.
Qeyd edək ki, əmək terapiyası 1900-cü ildən tətbiq
olunmağa başlayıb. Bu terapiya İkinci Dünya Müharibəsindən sonra
daha geniş istifadə olunub. Bunun səbəbi isə İkinci Dünya
Müharibəsindən sonra insanların çoxunda həm fiziki, həm də əqli
cəhətdən ləngimə və qüsurların meydana gəlməsi olub. Hazırda
dünyanın bir çox ölkələrində, xüsusilə Amerika, Almaniya, Çin,
Yaponiya, Rusiya, Türkiyə və digər ölkələrdə əmək terapiyası təhsil
sisteminin ayrılmaz bir hissəsinə çevrilib.
Psixiatr Samirə
Həmidovanın sözlərinə görə, əmək
terapiyası itirilmiş fiziki bacarıqların bərpa olunması, fiziki
qüsurların qismən aradan qaldırılması və ya mövcud əmək
qabiliyyətinin inkişaf etdirilməsi üçün tətbiq olunur: "Bu
terapiyanın tətbiqi əmək qabiliyyətini itirmiş və ya əlilliyi olan
insaların işə qəbulu zamanı çox vacibdir. Əmək terapiyası
psixiatriya, nevrologiya və travmatologiyada geniş tətbiq olunur.
İş qabiliyyətinin artırılması isə yanaşı əmək terapiyası somatik
xəstəliklər zamanı da tətbiq olunur. Əmək terapiyası psixi
xəstələrin əmək qabiliyyətinin inkişaf etdirilməsi üçün çox mühum
üsuldur. Belə ki, əmək terapiyası psixi qüsurların azalmasına,
konpensasiyasına, bəzi xəstələrin hərəkətsiz olması ilə əlaqədar
olaraq əmək qabiliyyətlərinin inkişaf etdirilməsinə xidmət edir.
Psixi xəstəliklərin müxtəlif mərhələlərində əmək terapiyasının
fərqli növləri tətbiq olunur".
S.Həmidova bildirib ki, ilk növbədə məşğuliyyət
xəstəni maraqlandırmalıdır: "Məşğuliyyət xəstənin vəziyyətinə uyğun
mürəkkəb olmalı və yerinə yetirilməsi üçün xəstədən müəyyən əmək
sərf etməsini, çalışmasını tələb etməlidir. Əmək terapiyası zamanı
təklif olunan məşğuliyyətlərinin mürəkkəbliyi xəstənin vəziyyətinə
uyğun seçilir. Çox sadə tapşırıqlar xəstənin terapiyaya marağının
itməsinə, özünü gücsüz və zəif hiss etməsinə səbəb olacaq. Belə ki,
tapşırıqlar xəstənin vəziyyətinə uyğun seçilmədikdə, xəstə
ətrafdakıların onun bacarıqsız olduğunu sanmasını düşünür.
İkincisi, əmək terapiyası zamanı xəstəyə verilən tapşırıqlar
xəstənin bacarıqları inkişaf etdikcə tədricən çətinləşməlidir.
Üçüncüsü, əmək terapiyası qrup şəklində tətbiq olunsa, daha
səmərəli olar".
Həmsöhbətimiz qeyd edib ki, inkişafında ləngimə,
fiziki və ya əqli cəhətdən qüsurları olan uşaqların əmək
qabiliyyətinin inkişaf etdirilməsi üçün də əmək terapiyası
əvəzsizdir. Əllərin hərəkətinin inkişafı intellektin inkişafı ilə
bağlıdır. Hətta sadə belə işlərin əllə görülməsi uşağın diqqətini
inkişaf etdirir və düşünməyə vadar edir. Mürəkkəb işlərin görülməsi
isə beynin daha da inkişaf etməsinə kömək edir. Əmək terapiyası
məktəblərdə tədris olunan əmək dərslərindən tamamilə fərqlənir.
Çünki əmək terapiyasının məqsədi uşaqların yaşadığı fiziki
narahatlıqları müəyyən qədər aradan qaldırıb korreksiya etməkdir.
Əmək terapiyası keçən uşaqlar müəyyən zamana bir sıra sosial
bacarıqlara yiyələnir. Uşaqlar yazma, kəsmə, qavrama, tutma kimi
kiçik motorik bacarıqlara, özünə xidmət əməyinə yiyələnir. Əmək
terapiyasında ən önəmlisi göz kontaktının inkişaf
etdirilməsidir.
Ümumiyyətlə, əmək terapiyasını nəinki əqli geri,
autik, daun, serebral iflic, asperger, hətta normal uşaqlara belə
tətbiq etmək olar. Çünki əmək terapiyası nəticəsində uşaqların
təxəyyülü inkişaf edir və dünyaya fərqli baxırlar. Əmək
terapiyasından istifadə etmiş uşaqlar hec nəyə adi gözlə baxmırlar.
Məsələn, əvvəl kağız onlar üçün adi idisə, artıq istehsal və
düşüncə mənbəyidir.
Əmək terapiyasının tikmə-biçmə, kəsib yapışdırmaq,
plastilin və gil işi, səhnələşdirilmiş oyunlar, terapevtik rəsm,
kulinar bacarıqlar, tikinti materialları ilə iş, quraşdırma, qum
terapiyası, sosial bacarıqlar və özünəxidmət əməyi kimi növləri
var. Psixoloq qeyd edib ki, uşağın narahatlığına uyğun olaraq bu
terapiyalardan müvafiqi seçilib tətbiq
olunur:
"Məsələn, bəzi uşaqlar üçün sapı iynəyə keçirmək
çox fayda verərsə, bəziləri üçün plastilin və gil işi daha çox
effekt verər. Uşaq üçün bu məşğuliyyət növlərini seçərkən onun
marağını da nəzərə almaq lazımdır. Belə ki, seçilən əmək növü
uşağın diqqətini cəlb etməlidir. Öz zəhməti ilə nəsə düzəltmək
uşaqlara təhlil etmək bacarığını, tapşırıqları yerinə yetirərkən
hərəkətlərini planlaşdırmağı öyrədir. Tədricən uşaqlar özləri
müxtəlif əl işlərinə maraq göstərir, onları nəzərdən keçirib necə
düzəldiyini anlamağa çalışırlar. Onlar düzəlmə qaydasını təhlil
etdikləri əl işlərinə baxdıqda:
"Bunu başqa materialdan, parçadan hazırlasam, daha
gözəl görünər", "Bu rənglərdən istifadə etsəm, parlaq alınar", "Əl
işinə uyğun olaraq, başqa maraqlı bir əl işi düzəldə bilərəm"
düşünürlər. Bu da uşaqlarda təxəyyül gücünü inkişaf
etdirir".
Qeyd edək ki, əmək terapiyası insanın psixi
vəziyyətinə təsir edir, insanın özünə güvən hissini artırır,
xəstənin fikirlərini əməyin yerinə yetirilməsinə yönəldir və
narahatlıqlarını qismən də olsa unutdurur. Xəstə həm də faydalı bir
işdə iştirak etdiyi üçün də özünü məmnun hiss edir.