Orduya çağırılanların sənəd qəbulu elektron formada aparılacaq

9 Yanvar 2014 17:40 (UTC+04:00)

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) daha 4 elektron xidməti istifadəçilərə təqdim edib. Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az-a verilən məlumata görə, Xidmətin internet saytı üzərindən hərbi xidmətkeçmə haqqında arayışın verilməsi üçün müraciətin və sənədlərin qəbulu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciətin və sənədlərin qəbulu, arxiv arayışlarının verilməsi üçün müraciətin və sənədlərin qəbulu, itirilmiş hərbi biletlərin (ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqələrin) əvəzinə yenisinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu elektron qaydada aparılır. Bununla da SHXÇDX tərəfindən göstərilən elektron xidmətlərin sayı 5-ə çatıb. Qeyd edək ki, çağırışçılara müddətli həqiqi hərbi xidmətlərini hansı hərbi hissədə keçmələri barədə məlumatların internet və ya qısa mesaj (SMS) vasitəsilə verilməsi xidməti 2013-cü ildə istifadəyə verilmişdi.