Diqqət: ən çox yol-nəqliyyat hadisəsi bu prospektlərdə olur
14 Yanvar 2014 16:49 (UTC+04:00)
Azərbaycan paytaxtı ərazisində ən çox
yol-nəqliyyat hadisəsi baş verən prospektlərin adları açıqlanıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr
şöbəsinin rəisi Vaqif
Əsədovun APA-ya verdiyi məlumata görə,
2013-cü ildə Bakı şəhərində 1011 yol qəzası baş
verib.
Nəticədə 342 nəfər ölüb, 1000 nəfər xəsarət
alıb.
2012-ci illə müqayisədə 57 yol qəzası faktı və 126
xəsarət halı azalsa da, ölüm hallarının sayı 12 fakt
artıb.
Baş verən yol qəzalarının əksəriyyəti sürücülərin
surət həddini aşması və yolayrıcı keçmə qaydalarını pozma
səbəbindən baş verib.
Ötən il baş verən hadisələrin əksəriyyəti həftənin
birinci günü və şənbə- bazar günlərinin axşam saatlarında qeydə
alınıb. Qəzaların əksəriyyəti saat 13.00 dan 18.00-a qədər və
20.00-dan 24.00-a qədər olan müddətlərə təsadüf
edib.
Qəzaların 52.1%-i piyadaların vurulması ilə
nəticələnib. Belə ki, ötən il piyadaların vurulması ilə nəticələnən
527 yol nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 179 nəfər ölüb,
379 nəfər yaralanıb.
Qəzalar əsasən paytaxtın Heydər Əliyev, Nobel,
Azadlıq, Qara Qarayev, Ziya Bünyadov prospektlərində qeydə
alınıb.
2013-cü ildə paytaxtda nizamlanmayan yol
ayrıclarından keçən 140 min piyada inzibati məsuliyyətə cəlb
edilib. Avtomobili sərxoş halda idarə edən 2908 sürücü haqqında
inzibati protokol tərtib olunub.
Keçən il ümumilikdə yol hərəkət qaydasını pozma
faktı ilə bağlı 602 min 283 inzibati protokol tərtib
edilib.