Moskva Sarkisyanı yenidən Köçəryanla əvəzləyir

15 Yanvar 2014 10:05 (UTC+04:00)

Məlumdur ki, son dövrlərdə Ermənistan hazırkı iqtidarı ilə eks prezident Robert Köçəryan arasında mübahisələr daha da artmaqdadır. Belə ki, 2013-cü ilin son ayında Köçəryan açıqlamalarının birində ölkədəki sosial-iqtisadi durumun, vətəndaşların dövlətə və gələcəyə inamının acınacaqlı səviyyədə olduğunu söyləmişdi: "Tədqiqatlar göstərir ki, Ermənistan əhalisinin 40 faizi ilk fürsətdəcə ölkədən həmişəlik getmək barədə düşünür. Getməyə çalışan insan isə qaçmaq istədiyi ölkədə və ya şəhərdə heç vaxt daşınmaz əmlak almaz. Bütün bunlara görə heç də əvvəlki hökumət, yaxud yadplanetlilər suçlu deyil. Əgər baş nazir bunu başa düşmürsə, onda o, intellektual cəhətdən deqradasiyaya uğrayıb...". Bu günlərdə isə Köçəryan hazırkı hökuməti təbii qazın real qiymətini əhalidən gizlətməkdə ittiham edib: "Açıq-aşkar bilinirdi ki, respublikaya idxal olunan qazın qiyməti istehlakçılara təklif olunan qiymətdən çoxdur. Bunu gömrükdəki "invoys"lardan da görmək mümkün idi. Öncədən hamı bilirdi ki, hökumət xoşagəlməz izahatlardan qaça bilməyəcək. Ancaq yəqin ki, onlar "Qazprom"la hansısa başqa sxemlərlə anlaşacaqlarına ümid edirdilər. Lakin bu alınmadı".

Siyasi şərhçilərin qənaətinə görə, Köçəryanın bu addımı daha çox daxili elektorat üçün hesablanıb və yenidən hakimiyyətə gələ bilmək üçün edilən cəhdlərdir. Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Hatəm Cabbarlı bildirdi ki, ötən ilin ikinci yarısından etibarən Ermənistanın daxili siyasətində gərginlik ortaya çıxıb: "Bu, daha çox Ermənistanın Gömrük Birliyinə qoşulandan və Avrasiya İttifaqına qoşulma niyyətini bəyan etməsindən sonra yaşandı. Hakimiyyətdə olan Ermənistan Respublika Partiyasının əsas məqsədi Rusiya ilə münasibətləri daha da inkişaf etdirməkdir. Bu baxımdan Ermənistan ictimai-siyasi rəyində yaranan bölünmələr və keçən ilin sonlarında etibarən siyasi mühitdə yaranan gərginlik 2014-cü ildə Sarkisyanın vəziyyətinin o qədər yaxşı olmayacağını göstərir. Ermənistan Gömrük Birliyinə qoşulandan və Avrasiya İttifaqına qoşulmağa niyyətini bəyan etməsindən sonra bu məsələ ilə bağlı müxalif partiyalar etirazlarını bildirdi. Amma hələlik bu mitinqlərin Sarkisyan hakimiyyətini laxladacaq qədər güclü potensiala sahib deyil. Bu çərçivədə Dağlıq Qarabağ probleminin necə həll olunacağı məsələsi də müzakirə edilə bilər. Belə ki, prezidentlərin son görüşündə Dağlıq Qarabağ probleminin həll olunması istiqamətində ciddi nəticə əldə olunmadı. Səbəbi Ermənistanın Gömrük Birliyinə qoşulandan sonra Rusiya ilə münasibətlərini daha da inkişaf etdirilməsilə izah etmək olar. Başqa nüanslar da var. 2014-cü ildə Dağlıq Qarabağ probleminin həll olunması istiqamətində xarici işlər nazirlərinin görüşü ilə bərabər həmsdərlərin bölgəyə səfərində sıxlıq müşahidə oluna bilər. Münaqişənin Cənubi Qafqazda yaşanması Ermənistanın müxtəlif enerji layihələnlərindən kənarda qalması ilə nəticələnib. Ermənistan iqtidarlı-müxalifətli bunun fərqindədir. 2013-cü ilin yükunlarına görə təxminən 60 mindən çox insan Ermənistanı tərk edib. Odur ki, Robet Köçəryanın daxili və xarici siyasət barədə tənqidi bəyantlar verməsi diqqətdən qaçmamalıdır. Amma Ermənistada bu cür iqtisadi-siyasi mühitin yaranmasının əsasını qoyan elə Robet Köçəryanın özüdür. Ermənistanın Rusiyadan asılılığının təməli Robert Köçəryan dövründə qoyulub. Robet Köçəryanın son vaxtlar tənqidi bəyanatlar verməsini birmənalı dəyərləndirmək olmaz. Böyük ehtimalla Robet Köçəryan siyasətə dönüşün siqnallarını verə bilər".

Digər politoloq Oqtay Sadıqzadə bildirir ki, sabiq erməni siyasətçilərinin bugünkiləri tənqid etməsi bizi aldatmamalıdır: "Bu tendensiya yalnız və yalnız daxili erməni elektoral bazasına nəzərdə tutulmuş bir mesajdır. Daxili erməni auditoriyasının könlünü almaq, gələn seçkilərdə seçici qazanmaq məqsədi güdən bir siyasi alətdir. Sabiqlərin cariləri tənqid etməsi heç nədən xəbər vermir. Bizim üçün müsbət siyasi siqnal rolunu oynaya bilməz. Digər tərəfdən isə Köçəryan faktı qeyd edir. Bütün dünya bilir ki, Ermənistanda sosial vəziyyət pisdir. Bunun Köçəryan yalnız xatırladır. Amma özü də hakimiyyətdə olanda vəziyyət elə də yaxşı deyildi. Ümumiyyətlə, bu gün Ermənistandakı iqtidar tənqid ediləsidir. Müsbət əməli fəaliyyəti yoxdur. Ölkədən çıxan insanların sayı buna sübutdur. Amma təəssüf ki, hazırda Ermənistan Qarabağ məsələsində oturuşmuş siyasət yeridir. Rusiyanın geosiyasi vassalı olduğu üçün iqtidarın dəyişməsi Qarabağ istiqamətində heç bir müsbət nəticə verməyəcək. Amma biz ümidi kəsməməliyik. Bu gün erməni cəmiyyətində ziyalılar arasında oyanmış təbəqə var. Onlar gözəl anlayırlar ki, institutisional dəyişikliyin baş verməsi üçün islahatlar baş verməldir. Qarabağ məsələsində erməni tərəfi müəyyən güzəştə getməlidir".

İrəvanda həm də hesab edirlər ki, son vaxtlar Robert Köçəryanın hakimiyyətin ünvanına sərt ittihamlar səsləndirməsi Moskvadan idarə olunur. Və İrəvanın Gömrük Birlyinə üzvlüyü tam şəkildə reallaşana qədər anoloji vəziyyət davam edəcək. Rusiya müxtəlif təzyiq vasitələrilə İrəvana bütün şərtləri qəbul etdirmək siyasəti yürüdür.