Bank sektorunda islami dəyişikliklər başlayır

15 Yanvar 2014 07:58 (UTC+04:00)

Barəsində uzun müddətdir söhbət gedən islam bankçılığı artıq Azərbaycanda tətbiq olunsa da, onun mövcudluğu və fəaliyyəti hələ hiss olunmur. Bunun əsas səbəblərindən biri də ekspertlərə görə, islam bankçılığının geniş tətbiqinə imkan verən müvafiq qanunvericilik bazasının yoxluğudur. Bu baxımdan islam bankçılığının fəaliyyəti üçün qanunvericilikdə dəyişikliklər edilməsi zəruri sayılır.

Hazırda Azərbaycan bankçılığı ilə bağlı qanunvericilik daha çox Qərb modeli üzərində qurulub. Ancaq bunun islam bankçılığının inkişafına birbaşa maneçiliyi yoxdur.

Bu arada isə məlum olub ki, Azərbaycanda islam bankçılığı barədə yeni qanun layihəsi 2014-cü ilin sonu - 2015-ci ilin birinci yarısında parlamentin müzakirəsinə çıxarıla bilər. Azərbaycan Beynəlxalq Bankının (ABB) islam bankçılığı üzrə direktoru Bəhnam Qurbanzadə BBC-yə deyib ki, yeni layihəyə əsasən "Bank haqqında" qanuna əlavə və dəyişiklərin edilməsi nəzərdə tutulub: "Hazırda layihənin hazırlanması üzrə işlər gedir və yanvarın sonunda Azərbaycana xaricdən gələn missiya ilə mütəxəssislər və hüquq şirkətləri qanun layihəsini müzakirəyə edəcəklər. Bundan sonra Nazirlər Kabineti daxilində yaradılmış xüsusi işçi qrup yeni qanun layihəsini hazırlayacaq". Qanun layihəsinə İqtisadiyyat və Sənaye Nazirliyinin rəy verəcəyini bildirən direktorun sözlərinə görə, layihə bir neçə hissədən ibarətdir: "İslam bankçılığının qanuniləşdirilməsindən sonra bundan həm kommersiya bankları, həm də müştərilərimiz faydalana biləcək. Xaricdən gələn investisiyalar və fərdi şəxslərin sahib olduğu böyük şirkətlərin bu layihəyə dəstək verəcəyini gözləyirik".

İslam bankçılığının digərlərindən əsas fərqi ondan ibarətdir ki, banklar cəlb etdiyi vəsaitlərə görə faiz vermir. Nə depozitlər, nə də əmanətlər üzrə faiz tətbiq olunur. Təbii ki, bu baxımdan islam bankçılığı bir çox müştərilər üçün cəlbedici görünür. Ekspertlərə görə, islam bankçılığının ənənəvi bankçılığa gətirdiyi ən əsas yenilik ənənəvi bankçılığın aktivlərinin və kredit portfelinin formalaşmasında rol oynayan faizli kreditlərin islam bankçılığında olmamasıdır. O cümlədən, lizinq, ipoteka, borc alma məsələlərində də islam bankçılığı ənənəvi bankçılıqdan fərqlənir. Qısa formada desək, islam bankçılığında faiz, spekulyativ davranış yoxdur.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, deputat Vahid Əhmədov isə Azərbaycanda islam bankçılığının inkişafı üçün problem olmadığını bildirir. O hesab edir ki, yerli banklar lisenziya əsasında belə bank əməliyyatları apara bilərlər. Lakin iqtisadçı Samir Əliyev hesab edir ki, Azərbaycanda islam bankçılığını inkişaf etdirmək üçün qanunvericiliyin yenilənməsinə ehtiyac var: "Azərbaycanda qanunvericilik bankların ticarətlə məşğul olmasını qadağan edir. Daha çox müəyyən kəsim insanlar, yəni inanclılar bank sektorundan kənarda qalıb. Çünki islam bankçılığında hər iki tərəf tərəfdaş olur və sahibkarlıqla məşğul ola bilir". Bununla belə iqtisadçının sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən ayrı-ayrı banklar əhalinin inanclı kəsimi üçün "pəncərə" açsa da, çox az insanların həmin vəsaitlərindən istifadə etmək imkanı var.

İslam bankçılığında risklərin hər iki tərəfin üzərinə düşdüyünü deyən ekspertin sözlərinə görə, bu tip bankçılığın inkişafı Azərbaycanda bank faizlərinin aşağı düşməsinə təsir edə bilər: "Qanunvericiliyə dəyişiklik edildikdən sonra bankların daxilində ayrıca bir bölmə açıla bilər və bu, əhaliyə verilən kreditlərin faizlərinin aşağı düşməsinə xidmət edə bilər". İslam bankçılığının inkişaf etmiş Avropa ölkələrində geniş yayıldığını deyən Samir Əliyevin fikrincə, 2008-ci il qlobal iqtisadi böhrandan ənənəvi bankçılıq daha çox zərər gördüyünə görə, bu tip bankçılıq gündəmə gəlməyə başlayıb və bir trilyon dollardan artıq dövriyyəyə malikdir.

İslam bank əməliyyatları şəriət qanunlarına sadiq olaraq faizsiz kredit kimi bank xidmətlərindən ibarətdir. Bu isə baha başa gəlir və onun həyata keçirilməsi üçün vergi barədə tənzimləmələr gərəkdir. Ekspertlərə görə, islam bankçılığı daha çox real sektora - tikinti, istehsal və sair sahələrə yönəlib, ənənəvi bankçılıqda isə daha çox maliyyə əməliyyatlarına üstünlük verilir. Bura qiymətli kağızlar, valyutaların enib-qalxması və sair daxildir. Bu isə indiki şəraitdə banklara ciddi təsir edir. Hazırkı şəraitdə Azərbaycan əhalisinin əksəriyyəti müsəlman olduğuna görə, İslam bankçılığına ehtiyac böyükdür və get-gedə də artır.