Azərbaycanlı müğənni “Manga” ilə görüşüb ilk məşqini etdi

15 Yanvar 2014 12:26 (UTC+04:00)

Xəbər verdiyimiz kimi vokal ifaçısı Lətifə Soyuöz Türkiyənin məşhur "Manga" qrupu ilə duet oxumağa hazırlaşırdı. Movqe.az xəbər verir ki, ifaçının layihəsi ilə bağlı yeni məlumat var. Müğənni qrup üzvləri ilə görüşmək üçün bir neçə gün öncə qardaş ölkəyə yollanıb. Ailə üzvləri ilə yanaşı o, yaxın dostu bəstəkar Günel Sərdarqızını da özü ilə birgə aparıb.


Dünən "Manga" ilə elə səsyazma studiyasında görüşən Lətifə açıqlayır ki, layihənin bəzi detalları artıq bəllidir. Hansı mahnının üzə çıxarılmasına hələ qərar verilməsə də bir neçə versiya nəzərdə tutulub: "Dünən qrup üzvləri ilə bir neçə mahnının səslənməsi üzərində ilk məşqi etdik. Bəzi mahnılar var ki, üzərində seçim gedir. Ancaq bir qərara gəlmək üçün vaxt lazımdır. Biz həm "Manga"nın həm də Günel Sərdarqızının yazdığı mahnıları oxuduq və dinlədik. Hansı daha maraqlı olsa onu da üzə çıxardacıyıq. Yəqin sonda birgə yazılmış bir mahnı üzərində dayanacağıq.  Ancaq hələ biz bir neçə həftə məşq etməyi planlaşdırırıq. Mən istəyirəm ki, digər işlərim kimi bu da keyfiyyətli olsun. Bunun üçün də çoxlu çalışmaq lazımdır. Məsuliyyətli yanaşmasaydım çoxdan bir mahnı seçib oxuyardım. Ancaq mən daima yaxşı işlər ərsəyə gətirəcəyimə söz vermişəm. Bütün hallarda bu layihənin çox uğurlu olacağına inanırıq".


Lətifə onu da qeyd etdi ki, qrupla bağlı bir neçə sürpriz də gözlənilir: "Bəzi yeni qərarlar var ki, yaxında onu da açıqlayacağıq. Ancaq hələ tələsib danışmaq istəmirəm. Xeyir olacaq, Allah qoysa".