“Qafqazda 2 ölkə var: Azərbaycan və Gürcüstan”
1 İyun 2012 20:34 (UTC+04:00)
Bu gün Gürcüstan Futbol Federasiyası (GFF) və Azərbaycan Futbol
Federasiyaları Assosiasiyası (AFFA) rəhbərliyi arasında görüş
keçirilib.
Apasport.az saytının Gürcüstana ezam olunmuş əməkdaşının məlumatına
görə, Batumidə "Radisson" otelində keçirilən görüşdə AFFA
prezidenti Rövnəq Abdullayev gürcüstanlı həmkarı Zviad Siçinava ilə
2020-ci il Avropa çempionatının final mərhələsini birgə keçirməklə
bağlı məsələni müzakirə ediblər.
AFFA-nın baş katibi Elxan Məmmədovun da iştirak etdiyi tədbirdə
Azərbaycan və Gürcüstanın məsul turniri birgə təşkil etmək fikrini
rəsmi sənəddə əks etdirən memorandum imzalanıb.
Görüşdən sonra keçirilən mətbuat konfransında GFF prezidenti
Azərbaycanla birgə əməkdaşlığa xüsusi önəm verdiklərini bildirib:
"Çox şadam kimi, bu görüş baş tutdu. Biz Avro-2020 ilə bağlı
qələbəyə köklənmişik. Yaxın 10 gündə təşkilatı qrup yaradacaq. Daha
bir görüş Bakıda olacaq və orada qitə çempionatını hansı şəhərlərdə
keçirmək istəyimizi açıqlayacağıq. Bununla göstəririk ki, Qafqazda
2 ölkə var: Azərbaycan və Gürcüstan. Şanslara gəlincə, Almaniya və
Hollandiya geri çəkiləndən sonra şanslarımız realdır. Açılış və
final oyunlarının harada olmağını da müzakirə etməmişik. İşçi
Qrupunda peşəkar mütəxəssislər olacaq və burada hər şeyə fikir
veriləcək".
Rövnəq Abdullayev də görüşdə yüksək qiymət verib: "Çox məhsuldar
görüşümüz oldu və AVRO-2020 ilə bağlı məsələni müzakirə etdik. Bu,
ciddi layihədir və istəyimizə çatacağımıza inanırıq. Bu işlə dövlət
rəhbərliyinin dəstəyinə arxalanırıq. Azərbaycanla Gürcüstan
arasındakı münasibətlər çox yüksək səviyyədədir. Bunlara
arxalanaraq, ağır yükün altına girməyi qərara aldıq. Bakıda
keçirilən "Avrovizion" turizmə böyük fayda verdi. İnanırıq ki, bu
da bizə böyük fayda verəcək. FİFA bizə böyük etimad göstərib. FİFA
və UEFA-nı inandırmalıyıq ki, bizim kimi kiçik ölkələr də belə
mötəbər turnirləri keçirə bilər".
İşçi Qrupunun tərkibini müəyyənləşdirmək baş katiblərin ixtiyarına
veriləcək. Onlar prezidentlərin növbəti görüşünün vaxtını
dəqiqləşdirəcəklər.
Abdullayev sonda deyib ki, qızlar arasında Azərbaycandakı dünya
çempionatı yüksək səviyyədə keçəcək: "Ola bilər ki, bundan sonra
şansımız artacaq. Biz bu yarışı yüksək səviyyədə keçirəndən sonra
FİFA və UEFA Avropa çempionatını keçirmək gücündə olduğumuzu başa
düşəcək".