Xaricdən gətirilən bitkilər yerli floraya təhlükə yaradır?!

15 Yanvar 2014 17:19 (UTC+04:00)

Telman Zeynalov : "Hər hansı ağac respublikaya gətirilirsə, o, mütləq yoxlamadan keçirilməlidir və bura da adaptasiya olmalıdır"

Zəngin fauna və floraya malik olmasına baxmayaraq, bu gün ölkəmizdə, xüsusən də iri şəhərlərdə, elə paytaxt Bakıda da, yol kənarları, parklarda yerli ağac, bəzək kolları iəl yanaşı, xaricdən də gətirilən belə bitkilərin sayının əhəmiyyətli dərəcədə artması aydın müşahidə olunur. Bəzən isə hansısaərazidə xaricdən gətrilən bitkilər yerli olanlarla müqayisədə daha çox əkilir. Belə fikirlərdə səslənir ki,  bu tendensiya yerli bitkilərimizn arxa plana atılmasına yol açır. Ekoloqların isə məsələyə münasibəti müxtəlif oldu. 

Məsələn, Azərbaycan Yaşıllar Hərəkatının sədri Fəridə Hüseynova xaricdən bitkilərin gətirilməsinə ehtiyac görmür: "Əlbəttə, daha yaxşı olardı ki, öz bitkilərimizdən istifadə olunsun. Çünki xaricdən gətirilən bitkilərin bizim iqlimə öyrəşib-öyrəşə bilməməsi məsələsi var. Bizim öz bitkilərimiz iqlimimizə də uyğundur. Onlar rahat şəkildə də böyüyürlər. Xaricdən gətirilən bitkilərin isə xüsusi baxıma ehtiyacı olur. Amma təəssüf ki, bizim bu işə baxanlar xarici bitkiləri daha çox üstünlük verməyə başlayırlar. Gedib xaricdən guya burda yetişməyən bitkiləri gətirirlər, amma halbuki onların sadəcə toxumları ilə burda onları çoxaltmaq olar və sonra parkların bəzədilməsində də istifadə etmək olar".

 

Digər ekspert  Nəriman Ağayev isə, xarici ölkələrdən bitkilərin gətirilməsini normal bir hal sayaraq, bunun əvvəldən gələn bir ənənə olduğunu və bütün dünyada həyata keçirildiyindən, təbii proses olduğunu deyir: "Lap əvvəlki zamanlardan Azərbaycana, o cümlədən Bakıya daim yeni bitki növləri gətirilib. Bu gün yediyimiz naringi, feyxoa da bir zamanlar başqa ölkədən gətirilən bitkilər olub və zamanla ölkəmizdə də çoxaldılıb. O vaxt bu cür bitkilər xaricə gedən müxtəlif varlılar, səyyah və tacirlər tərəfindən gətirilirdi. İndiki dövrdə isə, Afrikadan, Aralıq dənizindən, Cənubi Amerikadan bitkilərin gətirilməsi eyni prosesdir. Sadəcə olaraq, bu iş sistemsiz görülür. Məsələn, biz bilirik ki, palma ağacı bizə lazım deyil. Çünki bu bitki bizim iqlimə uyğunlaşa bilmir. Bu gün Bakıda 5-6 palma ağacı var ki, onu da göz bəbəyi kimi qoruyurlar. Eyni zamanda, ölkəmizə gətirilən evkalipt ağacları da məhv olub getdi. Xaricdən bitkilərin gətirilməsini normal saymaq olar, amma bu işi mütəxəssislərlə məsləhətləşib etmək lazımdır. Çünki onun gətirildikdən sonra baxımı məsələsi də var. Məsələn, parklarda elə ağaclar var ki, qiyməti 18 min manatdan aşağı deyil. Amma baxanda görərik ki, onların kökləri artıq yararsız vəziyyətdədir. Bir mütəxəssis, bilən adam yoxdur ki, onlara qulluq eləsin. Yanaşma fərqi var. Amma bu normaldır". 

Ekspert xaricdən bitkilər gətirilərkən seçilərək, iqlimə uyğun bitkilərin gətirilməli olduğunu da bildirdi: "Yenə də deyirəm ki, o ağacları gətirməsəydik, biz nə feyxoa, nə naringi, nə portağal kimi bitkilərlə tanıyardıq. Mütəxəssis kimi yanaşdıqda, ümumiyyətlə, toxumların dünyanın bir yerindən başqa yerinə keçməsi həmişə baş verib və verəcək də. Sadəcə olaraq, gətirilən bitkilərə düzgün qulluq edilməsi lazımdır. Burda məsələ ondan ibarətdir ki, araşdırma aparıb sonra gətirmək lazımdır". 


Ekoloq Telman Zeynalov məsələ ilə bağlı daha çox iradlarını bilidirdi: "Dövlətin bu sahədə müvafiq qanunları var. Hər hansı ağac respublikaya gətirilirsə, o, mütləq yoxlamadan keçirilməlidir və bura da adaptasiya olmalıdır. Ondan sonra şəhərdə yayıla bilər. Qanun bu və ya digər şəxslərin gətirdiyi ağaclara şamil olunur. Ölkəyə gətirilən xarici ağaclar Azərbaycan təbiətinə uyğunlaşa bilmir. Bu işlərə son qoyulmalıdır. Aidiyyatı qurumlar da vəzifələrini tam yerinə yetirməlidirlər. Əks təqdirdə Bakının təbii yaşıllığının azalma təhlükəsi ilə üz-üzə qala bilərik. Əlbəttə ki, yerli ağaclar daha yaxşıdır".