Müşkülə çevrilən avtomobil utilizasiyası

16 Yanvar 2014 07:06 (UTC+04:00)

Aparılan araşdırmalar göstərir ki, Azərbaycanda baş verən qəzaların bir çoxu köhnə avtomobillərin iştirakı ilə baş verir. Xüsusən də insan ölümü ilə nəticələnən qəzaların əksəriyyəti istismar müddəti bitmiş həmin köhnə avtomobillərin iştirakı ilə baş verir. O da faktdır ki, texniki cəhətdən həmin nəqliyyat vasitələrinə nasaz demək olmasa da, o avtomobilin köhnəlməsi, onun metalının artıq zərbəyə davamlı olmaması qəza zamanı ölümü qaçılmaz edir.

Bu, ölkədə hələdə çoxluq təşkil edən "VAZ" markalı avtomobillərinə daha çox aiddir.

Daha bir məqam isə köhnə avtomobillərin ekologiyaya böyük zərər vurması ilə bağlıdır. Bundan başqa, qəza nəticəsində yararsız vəziyyətə düşən maşınların yığılıb qalması da əlavə problem yaradır. Problemin həlli üçün xeyli müddətdir ki, utilizasiya məsəəlsi gündəmə gətrilsə də, hələlik qeyd edilən istiqamətdə hansısa addım atılmır. Halbuki, Nazirlər Kabinetinin bu xüsusda qərar verməsi olduqca vacib sayılır. Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev də bildirir ki, Azərbaycanda köhnə avtomobillər utilizasiya edilməlidir. Bunun üçün Nazirlər Kabinetinin xüsusi qərarı olmalıdır.

Şöbə rəisi hesab edir ki, Azərbaycanda nəqliyyat parkının yenilənməsi vacibdir. Onun sözlərinə görə, Azərbaycanda ölümlə nəticələnən yol qəzalarının, eləcə də havanın çirklənməsinin qarşısını almaq məqsədi ilə istismar müddəti bitmiş avtomobillərin istifadəsinin qadağan edilməsi üçün müvafiq qanunvericilik bazası yoxdur: "Azərbaycanda köhnə avtomobillər utilizasiya edilməlidir. İnsan ölümü ilə nəticələnən qəzaların əksəriyyəti məhz istismar müddəti bitmiş köhnə avtomobillərin iştirakı ilə baş verir. Bu gün yol polisi köhnə avtomobillərin istismarını qadağan edə bilmir. Onlar mexaniki cəhətdən saz olsalar da, avtomobilin köhnəlməsi, onun metalının zərbəyə davamlı olmaması qəza zamanı ölümü qaçılmaz edir. Təhlükəsizlik elementləri daha az olduğundan, həmin avtomobillərin zərbəyə dözümü yoxdur və bu da qəzalarda insan ölümünün daha çox olmasına səbəb olur. Bunu müəyyən edən ölçü cihazının, qurğuların yoxluğu səbəbindən isə biz onların hərəkətini qadağan edə bilmirik. Qanunvericilikdə də heç bir müddəa yoxdur ki, məsələn, istismar müddəti 30 və ya 40 ildən yuxarı olan avtomobillərin istismarı qadağan olunsun. Bununla əlaqədar Nazirlər Kabinetinin müvafiq qərarı olmalıdır".

Kamran Əliyev qeyd edib ki, hələlik ölkəyə idxal olunan nəqliyyat vasitələrinin "Avro-3" standartlarına cavab verməsi ilə bağlı tələblər qoyulub. Ölkə daxilində istismar olunan nəqliyyat vasitələri ilə bağlı hər hansı qərar qəbul olunarsa, yol polisi ona uyğun hərəkət edəcək: "Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ildə iki dəfə reyd və ya aylıq şəklində tədbirlər həyata keçirir. Bundan başqa, Ekoloji Nəzarət Yol Patrul Xidməti Bölüyü tərəfindən bu cür nəqliyyat vasitələrinin aşkarlanaraq qarşısının alınması istiqamətində mütəmadi tədbirlər görülür. Bu istiqamətdə nəqliyyat vasitələrinin dövlət texniki baxışdan keçirilməsi şərtlərinin sərtləşdirilməsi də istisna edilmir".

Dünya təcrübəsi də göstərir ki, bir çox dövlətlər utilizasiya proqramlarını çoxdan həyata keçirirlər. Belə proqramlara görə, yaşı 10-dan yuxarı olan avtomobillər istismar müddətini başa vurmuş avtomobillər hesab olunur.

Azərbaycanın qonşularından Türkiyə və Rusiya utilizasiya proqramını həyata keçirir. Şimal qonşumuzun burada əsas məqsədi həm köhnə avtomobillərdən qurtulmaq, həm də ölkənin avtomobil istehsalında və satışında yaranmış böhrandan çıxmaq olub. Və müəyyən mənada buna nail olunub. Utilizasiya ölkədə avtomobil parkının əhəmiyyətli dərəcədə yenilənməsinə də imkan verir. Bundan başqa hesab edilir ki, ölkəmizdə avtomobillərin orta yaş həddi endirilməlidir. Qeyd edək ki, Avropa Birliyi ölkələrində avtomobillərin orta yaşı 8-dir. Almaniyada avtomobillərin orta yaşı 8,1, Belçikada 8, Avstriyada 7,7, İngiltərədə 7,1, İrlandiyada isə 6,3-dür. Yunanıstan, Portuqaliya, Slovakiya, Finlandiyada isə avtomobillərin orta yaşı 10-dan bir az artıqdır. Azərbaycanda isə bu rəqəm daha böyük hədlə ifadə olunur. Bu isə əlavə problemlər yaradır. Köhnə avtomobillərin utilizasiyası istehsalın və satışın sürətlənməsinə, dolayısı ilə iqtisadi inkişafa təkan verir. 2008-2009-cu illərin böhranında avtomobil sənayesindəki vəziyyəti normal saxlamaq üçün məhz bu cür üsuldan istifadə edildi. Məsələn, ABŞ-da 3 il əvvəl tətbiq olunmuş utilizasiya ölkədə iqtisadi artıma nail olmağa imkan vermişdi.