Genişzolaqlı internetin inkişafı üzrə fəaliyyət planı hazırlanır

16 Yanvar 2014 09:30 (UTC+04:00)

Azərbaycan hökuməti yaxın vaxtlarda ölkədə genişzolaqlı internetə çıxışın inkişafı üzrə fəaliyyət planını təsdiq edəcək. Bunu Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən deyiblər. Məlumata görə, layihə 2014-2016-cı illəri əhatə edəcək. Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) layihənin I mərhələsinin reallaşdırılmasına 103 milyon manat ayırmağı planlaşdırır. Layihənin ümumi dəyəri 450 milyon manatdan çox qiymətləndirilir. Nazirliyin planına əsasən, 2017-ci ilədək Azərbaycanın bütün yaşayış məntəqələri internetə yüksək sürətli çıxışla təmin ediləcək. Layihənin yekun məqsədi ucqar yaşayış məntəqələri də daxil olmaqla, bütün ölkə ərazisini 10-100 meqabit/saniyə sürətli internetlə təmin etmək və genişzolaqlı internet istifadəçilərinin sayını 85 faizə çatdırmaqdır ki, bu da Azərbaycana 2017-ci ilədək dünyanın inkişaf etmiş ölkələrinin səviyyəsinə çıxmağa imkan verəcək.