Xaçmazda at və eşşək cəsədləri narahatçılıq yaradıb

16 Yanvar 2014 15:44 (UTC+04:00)

Xaçmazda Qımılqışlaq kəndinə yaxın meşə massivində aşkarlanan at və eşşək cəsədlərinin axtarışı bir nəticə verməsə də, bu heyvanların kənardan gətirilərək burada kəsildiyi müəyyənləşib. Bu barədə Movqe.az-a Xaşmaz Baytarlıq İdarəsinin rəisi  Vasif Kəlbəliyev məlumat verib.  V. Kəlbəliyev bildirib ki, rayonda bu qədər təkdırnaqlı heyvan yoxdur: "Bizim rayonda bu qədər at və eşşək yoxdur. Bizim rayonumuzdakı heyvanların sayı barədə məlumatımız var. Bu heyvanları hardasa kəsib izi azdırmaq üçün gətirib bura töküblər".

V. Kəlbiyev həmin at və eşşək ətlərinin satışa çıxma ehtimalının sıfra bərabər olduğunu söyləyib: "Rayonda cammat da narahatdır ki, görəsən bu at və eşşəklərin ətindən kim yeyib. Amma mən əmin edirəm ki, bu heyvanları əti nəinki rayonda heç Bakıda da satışa çıxarılmayıb. Həmin ətlər kolbasa sexlərinə ötürülüb. Yaxud da restoranlara. Amma satışa çıxmadığı 100 faizdir".

V. Kəlbiyev eşşək ətini mal və qiyun ətində seçməyin də mümkün olduğunu söyləyib: "Əslində eşşək əti yeyilə bilər. Sadəcə olaraq bizim mentalitetdə o heyvanın ətini yemək yaxşı qəbul olunmur. Amma eşşək əti qırmızı olduğundan satışda da seçilir. Üstəlik təkdırnaqlı heyvanların əti onların ciyərlərinin üzərində öd kisəsinin olmaması ilə də seçilir".