Mübarəkə ömürlük həbs cəzası

2 İyun 2012 21:50 (UTC+04:00)
Ötən ilki etirazlar vaxtı nümayişçilərə atəş açmaq və korrupsiya ittihamları ilə məhkəmə qarşısına çıxarılan prezident Hüsni Mübarək ömürlük həbs cəzasına məhkum edilib.

84 yaşlı sabiq prezident Ərəb baharının başlanmasından bu yana məhkum edilmiş ilk dövlət başçısıdır.

Sabiq prezidentlə onun iki oğlu korrupsiya ilə əlaqədar ittihamlardan azad olunublar.

Lakin bəraət qazanmış Gamal və Alaaya qarşı başqa ittihamlarla bağlı istintaq davam edir.

Məhkəmənin keçdiyi Qahirənin Polis Akademiyası binası proses vaxtı xüsusi mühafizə altına alınıb.

Binanın yanında gözləyən adamlar sabiq dövlət başçısının məhkum edilməsini alqışla qarşılayıblar.

Etirazlar vaxti öldürülənlərdən birisinin xanımı "çox razı qaldığını deyib".

Toqquşma

Məhkəmə Mübarəkin silahdaşlarını da cəzalandırıb.

Nümayişçilərin öldürülməsində təqsirkar tanınan sabiq daxili işlər naziri Həbib əl-Adlıya ömürlük həbs cəzası kəsilib.

Lakin daxili işlər nazirinin 4 köməkçisinin azad olunması barədə verdikt bina ətrafına toplaşanları hiddətə gətirib.

BBC müxbiri qəzəbli etirazçılarla polis arasında toqquşmaların baş verdiyini bildirir.

Səhhəti ilə bağlı problemlərin yaranması üzündən sabiq prezident məhkəməyə xərəkdə gətirilib.

Misirin dövlət televiziyası Mübarəkin sabiq hökumət üzvlərinin cəza çəkdiyi Tora məhbəsinin hospitalına keçiriləcəyini bildirib.

Türkan Nadirqızı

Movqe.Az