Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq əməkdaşlarının məhkəməsi davam etdirilib

16 Yanvar 2014 18:20 (UTC+04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Xəzər Dəniz Gəmiçiliyinə məxsus "İslam Səfərli" yük gəmisinin kapitanı Həşim Həsənov, kapitanın köməkçisi Səyyad İbadullayev və gəmi heyətinin digər üzvü Ayməddin Əmiraslanovun cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb.

 

APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Növbəti məhkəmə prosesi isə yanvarın 23-nə təyin edilib.

 

Baş Prokurorluğun mətbuat xidmətinin həmin şəxslərlə bağlı yaydığı məlumata görə, gəmidə yol verilmiş qanun pozuntularına dair məlumatlar Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb. "İslam Səfərli" yük gəmisinin kapitanı Həşim Həsənovun, gəmi kapitanının köməkçisi Səyyad İbadullayevin və gəmi heyətinin digər üzvü 7 aprel 2013-cü il tarixdə Rusiya Federasiyasının bayrağı altında üzən "Kuban" gəmisinin kapitanı ilə aralarındakı şifahi razılaşmaya əsasən 3.800 ABŞ dolları müqabilində "Kuban" gəmisinə 40 ton xam neft və 18 ton mazut yüklənməsi, həmçinin gəminin saxlanc yerindəki 6 ton dizel yanacağını 1.800 ABŞ dollarına qeyd olunan gəmi heyətinə satmalarında şübhələr üçün əsaslar olduğundan fakta görə cinayət işi başlanıb.

 

H.Həsənov, S.İbadullayev və A.Əmiraslanov Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 206.3.2 (qaçaqmalçılıq) və 206.3.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.