Qışda havaların belə isti keçməsi anomal sayılmadı

17 Yanvar 2014 15:22 (UTC+04:00)

Son günlər Bakıda və Abşeron yarımadasında, eləcə də regionlarda müşahidə olunan mülayim hava qışdan çox yaz fəslini xatırladır. Hər qış belə günlərə təsadüf olunsa da, bu il xüsusilə mülayim, günəşli günlərin sayının daha  çox olduğu bildirilir. Lakin qış günəşinin insanlara xəstəlik gətirdiyi fikri lap əvvəldən insanlar arasında yayılıb. Son günlərdə insanlar arasında yayılan xəstəlikləri, çoxları  qış fəslinə uyğun olmayan bu günəşli və yağıntısız hava ilə əlaqələndirir, müşahidə olunan hava şəraitini qış fəsli üçün anomal hesab edirlər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Movqe.az-a açıqlamasında burda anomal heç bir prosesin olmadığını, hava şəraitinin gözlənilən şəkildə keçdiyini dedi: "Doğrudur, bir neçə gündür ki, Azərbaycanda yağmursuz, günəşli hava şəraiti hökm sürür. Eyni zamanda Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava müşahidə olunur. Tez-tez cənub-şərq küləyi şimal qərb küləyi ilə əvəz olunur. Hazırda Bakıda və Abşeron yarımadasında müşahidə olunan temperatur iqlim normasına yaxın və bir qədər yüksəkdir. Ancaq bu anomal tempratur sayılmır. Ona görə ki, bundan əvvəlki illərə nəzər salsaq görərik ki, 2008-ci ildən bu günə qədər Bakı və Abşeron yarımadasında bundan artıq tempratur da qeydə alınıbdır. Havanın maksimal tempraturu 15-20 dərəcə arasında olub. Hazırda müşahidə olunan tempratur isə, həmin maksimal göstəricilərdən aşağıdır. Ona görə də, bu hal anomal deyil". 


Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov da müşahidə olunan hava şəraitinin anomal olmadığını düşünür: "Əvvəlki illərdə də belə hallar baş verirdi. Əgər şimal, şimal-qərb küləyi əsirsə, qar yağacaq, şaxta olacaq, yox, əgər cənub küləyi, cənub və şərq küləyi əsəcəksə, havalar isti keçəcək. Bu, təbiətin qanunudur və anormal heç bir vəziyyət yoxdur".