LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”

18 Yanvar 2014 08:00 (UTC+04:00)

Müasir Azərbaycan yeni müstəqillik tarixində seçdiyi tərəqqi yolu ilə möhtəşəm uğurların müəllifinə çevrilməyi bacardı və bir çox dünya dövlətləri üçün nümunəyə çevrildi. Bu mənada, tamamilə təbiidir ki, Azərbaycanın inkişaf xüsusiyyətləri hazırda beynəlxalq miqyasda da mühüm tədqiqat predmetlərindən biridir. Real vəziyyətin təhlili və müəyyən edilmiş hədəflər isə qarşıdakı dövr ərzində də Azərbaycanı yeni böyük müvəffəqiyyətlərin gözlədiyini deməyə əsas verir. Çünki yeni uğurların mühüm təməli qoyulub və seçilən inkişaf strategiyası da bunu şərtləndirən mühüm amil qismində çıxış etməkdədir.

O da məlumdur ki, inkişafın bütün ölkə üzrə proporsional qaydada paylanması xüsusi diqqət mərkəzindədir. Bu fonda tamamilə təbiidir ki, tərəqqi tempinə görə, Azərbaycan regionları da xüsusi olaraq seçilir. Hazırda regionların inkişaf dinamikası yüksək dinamizmlə davam edir. Bu da nəticə etibarı ilə bölgələrdə əhalinin məşğulluq səviyyəsinin daha da yüksəlməsi, yeni istehsal müəssisələrinin yaranması ilə müşahidə olunmaqdadır. Xüsusilə də qeyri-neft sektoru regionlarda böyük sürətlə inkişaf edir. Elə ötən ilin yekunları da regionlarda ümumi istehsal həcminin artmaqda olduğunu göstərir.

Müxtəlif rayon və şəhərlərin timsalında qeyd olunanların əyani nümunəsini aydın görmək mümkündür. Məsələn, Ağcabədi rayonunun iqtisadiyyatında aparıcı yer tutan kənd təsərrüfatı bitkiləri istehsalında 2013-cü ildə uğurlu nəticələr əldə edilib. Belə ki, torpaq mülkiyyətçiləri 2013-cü ilin məhsulu üçün 23 min 743 hektarda buğda, 4301 hektarda arpa, 1959 hektarda dən üçün qarğıdalı, 1963 hektarda pambıq, 835 hektarda şəkər çuğunduru, 211 hektarda kartof, 792 hektarda tərəvəz, 609 hektarda bostan bitkiləri əkmiş və bol məhsul əldə ediblər. Rayonun təsərrüfatlarında 78 min 791 ton buğda, 1288 ton arpa, 21395 ton qarğıdalı, 4043 ton pambıq, 24980 ton şəkər çuğunduru, 2669 ton kartof, 9861 ton tərəvəz, 13762 ton bostan məhsulları, 11498 ton meyvə və giləmeyvə, 2279,5 ton üzüm istehsal edilib.

Burada bir sıra mühüm yeniliklərə də imza atılıb. Məsələn, məlum olduğu kimi Ağcabədi rayonunun Cəfərbəyli kəndində ölkədə ilk böyük keçi təsərrüfatı yaradılır.

Bu təsərrüfatın tikintisi üçün İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kredit ayırdığı "BMS Aqro" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən yaradılır. Ümumilikdə 8 ferma, sağım və yem sexindən ibarət olacaq 4000 başlıq keçi təsərrüfatında artıq 6 ferma və ofis istifadəyə verilib, sağım yerinin inşası başa çatıb. Bu ay isə daha 2 fermada işlərin tamamlanması gözlənir. Təsərrüfat ən müasir ferma avadanlığı - avtomatik yönəltmə və yemləmə, bir dəfəyə 72 baş keçinin sağılmasına imkan verən paralel tipli sağım sistemləri və s. ilə təchiz edilib, işçilərin çalışmaları və istirahəti üçün hər cür şərait yaradılıb. Respublikamızın regionunda belə bir təsərrüfatın yaradılması ölkədə uğurla reallaşan iqtisadi siyasətin məntiqi nəticəsi, sahibkarlığa göstərilən dövlət qayğısının təzahürüdür.

Gözəl təbiətə malik Zaqatala rayonunda da kənd təsərrüfatı sahəsində sürətli tərəqqi qeydə alnır. Burada meyvəçiliyin, xüsusilə fındıqçılığın inkişaf etdirilməsi üçün əlverişli iqlim şəraiti mövcuddur. Təsadüfi deyil ki, rayonda bu sahəyə maraq ildən-ilə artır. Təkcə 2013-cü ildə Zaqatalada 155 hektar sahədə yeni meyvə bağları salınıb. Hazırda rayon ərazisində 11 min 437 hektar meyvə bağları var. Bu bağların 9 min 418 hektarını fındıq bağları təşkil edir. Mövcud bağların 10 min 67 hektarı bar verəndir. Ötən il rayonda 27 min 743 ton meyvə istehsal olunub, o cümlədən fındıq bağlarından 9 min 895 ton məhsul götürülüb. Əvvəlki illə müqayisədə meyvə istehsalı 579 ton, o cümlədən fındıq istehsalı 435 ton artıb. Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda isə kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlıqda məhsul istehsalı artıb. Ötən il rayonda 2637,5 ton ət, 14 min 258,1 ton süd, 123,3 ton yun istehsal edilib. Əvvəlki ilə nisbətən ət istehsalı 2,4 faiz, süd istehsalı 3,1 faiz, yun istehsalı 3,9 faiz çox olub.

Ümumiyyətlə, digər sahələrə də nəzər salanda bəlli olur ki, Tərtər rayonunun iqtisadiyyatında aparıcı yer tutan kənd təsərrüfatında 2013-cü ildə uğurlu nəticələr əldə edilib. Torpaq mülkiyyətçiləri 2013-cü ilin məhsulu üçün 13 min 932 hektarda buğda, 2683 hektarda arpa, 192 hektarda lobya, 1 hektarda noxud, 469 hektarda dən üçün qarğıdalı, 715 hektarda günəbaxan, 1091 hektarda pambıq, 420 hektarda şəkər çuğunduru, 528,2 hektarda kartof, 933,5 hektarda tərəvəz, 10,5 hektarda soya, 8 hektarda bostan bitkiləri əkib və bol məhsul əldə ediblər. Hesabat ilində rayonun təsərrüfatlarında 54 min 386 ton taxıl, 1903,3 ton qarğıdalı, 947,9 ton lobya, 2008,7 ton pambıq, 10 min 668,3 ton şəkər çuğunduru, 1637,8 ton günəbaxan, 12,5 ton soya, 0,7 ton noxud, 5747,8 ton kartof, 11 min 486,2 ton tərəvəz, 27,8 ton bostan məhsulları, 6114,2 ton meyvə, 617,7 ton üzüm yığılıb. Bunun demək olar ki, hamısı özəl sektorda hasil olunub.

İnkişaf dinamikasına görə seçilən Naxçıvan Muxtar Respublikasında (MR) da kənd təsərrüfatının inkişafına yüksək diqqət və qayğı göstərilir. Torpaq mülkiyyətçilərinə güzəştli kreditlərin verilməsi, sahibkarların yeni texnika və avadanlıqla təchiz olunması, müxtəlif meliorasiya tədbirlərinin aparılması, satış yarmarkalarının təşkili yerli kənd təsərrüfatı məhsullarının xüsusi çəkisini xeyli artırıb. Ötən il muxtar respublikada 337 milyon manatlıqdan çox kənd təsərrüfatı məhsulları istehsal edilib. 2008-ci il sentyabrın 17-də qəbul edilmiş "2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın icrası nəticəsində kənd təsərrüfatının inkişafı sahəsində yeni imkanlar yaranıb, əlverişli iqlim və torpaq şəraiti muxtar respublikada əkinçiliyə marağı xeyli artırıb, 2013-cü ilin məhsulu üçün 60 min 127 hektar sahədə əkin aparılıb.

Müasir kənd təsərrüfatı texnikalarına olan tələbatın ödənilməsi istiqamətində həyata keçirilən tədbirlər ötən il də davam etdirilib, "Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin (ASC) xətti ilə 348 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası alınaraq muxtar respublikaya gətirilib. Hazırda ASC tərəfindən gətirilən texnikaların sayı 1227-yə çatıb. Gətirilmiş texnikalardan 253-ü ötən il lizinq yolu ilə məhsul istehsalçılarına verilib. Bununla yanaşı, torpağın məhsuldarlığını artırmaq məqsədi ilə əkinçiliklə məşğul olan fermerlər, torpaq mülkiyyətçiləri 4 min 124 ton mineral gübrə ilə təchiz olunub. Həyata keçirilən tədbirlər sırasında meliorasiya-irriqasiya sistemlərinin təkmilləşdirilməsini də xüsusi qeyd etmək lazımdır. Ötən il muxtar respublikada 4 nasos stansiyasının, 3 subartezian quyusunun və 11 kəhrizin istifadəyə verilməsi bu sahədə olan problemlərin aradan qaldırılmasını təmin edib.

Muxtar respublikada taxılçılıq xüsusi önəm verilən sahələrdən biridir. Tələbatın daxili imkanlar hesabına ödənilməsi əsas tutularaq taxıl əkini sahələri ilbəil genişləndirilir. Bu səbəbdəndir ki, ötən ilin məhsulu üçün 35 min 324 hektar sahədə taxıl əkilib. Bu sahələrin 25 min 869 hektarını buğda təşkil edib. 2012-ci illə müqayisədə taxıl əkini sahələrinin həcmi 359 hektar artırılıb. Torpaq mülkiyyətçiləri əkin sahələrində aqrotexniki tədbirləri vaxtında həyata keçirdiklərinə görə zəmilərdən 102 min 960 ton məhsul toplayıblar. Bu da 2012-ci ildəkindən 1112 ton çoxdur. Hesabat dövründə taxıl istehsalı ilə yanaşı, bu strateji məhsul ehtiyatının yaradılması da diqqətdə saxlanılıb, ümumi tutumu 9 min ton olan üç yeni bunker istifadəyə verilib. Bununla da, muxtar respublikada taxılı uzun müddətə saxlamağa imkan verən anbarın həcmi 18 min tondan 27 min tona çatdırılıb. Kartofçuluqda da yüksək göstəricilər əldə edilib, 2957 hektar əkin sahəsindən 41 min tondan çox məhsul götürülüb.

Ekoloji cəhətdən saf və təmiz meyvə-tərəvəz məhsulları ilə tanınan muxtar respublikada belə məhsulların istehsalını artırmaq da prioritet vəzifəyə çevrilib, 2012-ci il fevralın 14-də qəbul olunmuş "2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı"nda nəzərdə tutulan tədbirlərin icrası diqqət mərkəzində saxlanılıb. Bu səbəbdən də 2013-cü ildə tərəvəz məhsullarının istehsalını artırmaq məqsədi ilə torpaq mülkiyyətçilərinə 359 min manat, bağçılıq təsərrüfatlarının inkişafı üçün isə 538 min manat kredit verilib. Həyata keçirilən tədbirlər nəticəsiz qalmayıb, məhsuldarlıq xeyli yüksəlib. Əkin sahələrindən 67 min tona yaxın tərəvəz, meyvə bağlarından 43 min tondan çox meyvə, 15 min tondan çox üzüm tədarük olunub. Muxtar respublikada əhalinin təzə ət, süd və süd məhsullarına olan tələbatının ödənilməsi 2013-cü ildə də davam etdirilib, müasir tələblərə cavab verən 2 yeni heyvandarlıq təsərrüfatı yaradılıb. Mal-qaranın cins tərkibini yaxşılaşdırmaq və damazlıq sahəsini inkişaf etdirmək məqsədi ilə hesabat dövründə 337 baş, ümumilikdə isə son 5 ildə 1678 baş cins mal-qara gətirilərək lizinq yolu ilə fermerlərə verilib. Aqrar sahənin inkişafına göstərilən qayğı torpağın hər bir qarışının əkilməsinə marağı artırıb, əhalinin məşğulluğu yüksəldilib.

O da vacib haldır ki, regionlarda fəaliyyət göstərən yeni istehsal sahələri bir çox məhsullar üzrə idxaldan asılılığın aradan qaldırılmasında da vacib rol oynayır. Məsələn, Naxçıvanda fəaliyyət göstərən "Gəmiqaya Holdinq" Şirkətlər İttifaqı tərəfindən yaradılan, heyvandarlıq və quşçuluğun inkişafında mühüm rol oynayan qarışıq qüvvəli yem istehsalı müəssisəsinin fəaliyyətə başlaması muxtar respublikada kənd təsərrüfatının digər sahələri kimi, heyvandarlıq və quşçuluq təsərrüfatlarının da inkişafında mühüm əhəmiyyət daşıyır. Qarışıq qüvvəli yem istehsalını artırmaq məqsədi ilə Almaniya və Türkiyədən alınmış, istehsal gücü saatda 3 ton olan müasir texnoloji avadanlıq və hər birinin tutumu 10 ton olan 4 ədəd bunker quraşdırılıb. Burada müxtəlif çeşiddə ətlik-südlük mal-qara və ətlik-yumurtalıq quş yemləri istehsalına başlanılıb. İndiyədək müəssisədə istehsal edilən qarışıq qüvvəli yem muxtar respublikada bu məhsula olan illik tələbatın 40 faizini ödəyirdi. Həmin məhsula olan tələbatın 100 faiz yerli istehsal hesabına ödənilməsi və yeni bir müəssisənin yaradılması üçün dövlət tərəfindən maliyyə dəstəyi göstərilib.

Qısa müddətdə yeni müəssisə inşa olunub. İstehsal gücü saatda 10 ton olan müəssisədə Türkiyədən alınmış müasir texnoloji avadanlıq və hər birinin tutumu 20 ton xammal olan 9 bunker quraşdırılıb. Beləliklə, heyvandarlıq və quşçuluq təsərrüfatlarının səmərəli fəaliyyətinə şərait yaradılıb, bu sahədə məhsul istehsalı artımına nail olunub. Muxtar respublikada fəaliyyət göstərən heyvandarlıq və quşçuluq təsərrüfatlarının yeni müəssisədə istehsal olunan qüvvəli yemlə təmin olunması əlavə xərclərin qarşısını alıb. Hazırda muxtar respublikada ətlik-südlük heyvandarlıq və ətlik-yumurtalıq quşçuluq təsərrüfatlarının illik qüvvəli yemə olan tələbatı 70 min tona yaxındır. Bunun 50 min tonu ətlik-südlük heyvandarlıq, 20 min tonu isə ətlik-yumurtalıq quşçuluq təsərrüfatlarının payına düşür. Bu müəssisənin istifadəyə verilməsi ilə qüvvəli yemə olan tələbat 100 faiz ödənilib, idxaldan asılılıq tamamilə aradan qaldırılıb. Hazırda müəssisənin xammala olan tələbatının bir qismi yerli istehsal hesabına ödənilir. Gələcəkdə xammala olan tələbatın tamamilə yerli istehsal hesabına ödənilməsi təmin olunacaq.

İstehsal prosesi konveyer üsulu ilə təşkil edilən müəssisədə keyfiyyətli məhsul istehsalı həyata keçirilir. Anbardan gətirilən xammal bunkerlərə vurulduqdan sonra üyüdülür. Üyüdülmüş məhsul elevator vasitəsilə qarışdırma bunkerində qarışdırılır və avtomatik olaraq paketləmə sahəsinə göndərilir. Qarışıq yem istehsalı sahəsində xammal kimi taxıl emalı müəssisəsində istehsal zamanı əldə olunan yarımfabrikatlardan da istifadə olunur. Ayrı-ayrı mərhələlərdən keçməklə hazırlanan 4 çeşiddə məhsul 50 kiloqramlıq kisələrdə "Bərəkət" əmtəə nişanı ilə satışa çıxarılır. Yeni istehsal sahəsinin yaradılması keyfiyyətli məhsul istehsalı ilə yanaşı, əhalinin məşğulluğunun təmin olunmasına da əlverişli şərait yaradıb.

İnkişafı ilə seçilənlər sırasında yer alan Ağdaş rayonunda da meyvə-tərəvəz və bostan məhsullarının istehsalı ildən-ilə artır. 2013-cü ildə fermerlər və fərdi təsərrüfat sahibləri 1485 hektar meyvə bağından 23 min 200 ton məhsul toplayıblar. Həmçinin, hesabat ilində rayonda 120 hektar sahədən 2965 ton üzüm, 4416 hektar sahədən 68 min 545 ton tərəvəz, 1204 hektar sahədən 17 min 736 ton kartof, 1531 hektar sahədən 23 min 557 ton bostan məhsulları, 134 hektar sahədən 404 ton lobya, 1481 hektar sahədən 3066 ton çəltik, 1343 hektar sahədən 8761 ton qarğıdalı istehsal edilib. Əvvəlki illə müqayisədə 2013-cü ildə rayonda əkin sahələrinin genişləndirilməsi və düzgün aqrotexniki qulluq hesabına meyvə istehsalı 231 ton, tərəvəz istehsalı 133 ton, kartof istehsalı 306 ton, bostan məhsulları istehsalı 506 ton, qarğıdalı istehsalı 198 ton, çəltik istehsalı 791 ton, lobya istehsalı 27 ton, üzüm istehsalı 129 ton artıb.

Onu da bildirək ki, Ağdaş rayonunda kəndli fermerlər və torpaq mülkiyyətçiləri taxıl səpinini uğurla başa çatdırıblar. Dövlət qayğısından bəhrələnən Ağdaşın kəndli fermerləri bu il taxıl sahələrini 1611 hektar genişləndiriblər. Torpaq mülkiyyətçiləri gələn ilin məhsulu üçün rayonda 17 min 519 hektar sahədə taxıl səpini aparıblar. Bunun 11 min 234 hektarını buğda, 6285 hektarını isə arpa təşkil edir. Ağdaşda səpin kampaniyasının vaxtında başa çatdırılması üçün taxıl istehsalçılarının istifadəsinə lazımi sayda texnika verilib. Taxıl səpini mövsümündə kəndli fermerlər kifayət qədər toxum və mineral gübrə ilə təmin edilib.

Rayon bitki mühafizə mərkəzinin mütəxəssisləri taxılçılar arasında sağlam, keyfiyyətli və yüksək reproduksiyalı toxumdan istifadə edilməsinin vacibliyi ilə bağlı maarifləndirmə işləri aparılıb. Bu il rayonda taxıl səpini zamanı əsasən "Şəki-1", "Qobustan", "Azəri", "Nurlu" "Əzəmətli-95" buğda, "Qarabağ", "Cəlilabad-19" arpa sortlarından olan toxumlardan istifadə olunub. Səpindən əvvəl şum çıxarılmış sahələrdə müxtəlif bakterial xəstəliklərə qarşı kimyəvi dərmanlama işləri aparılıb. Həmçinin, bu ilin payız aylarında yazlıq əkinlər üçün 19 min 17 hektar sahə şumlanıb.

Xatırladaq ki, bu ilin yayında Ağdaşda 15 min 908 hektar sahədən 42 min 259 ton taxıl biçilib.

Ağdaş rayonunda fəaliyyət göstərən "Türyançay " fermer təsərrüfatının nəzdində müasir tipli heyvandarlıq kompleksinin tikintisi başa çatmaq üzrədir. Rayonun Ərəbocağı kəndində inşa olunan kompleksdə 2000 baş cins heyvanın bəslənilməsi nəzərdə tutulur. Ümumilikdə, 30 hektar ərazini əhatə edən kompleksdə beş böyük ferma, işçilər üçün evlər, ikimərtəbəli ofis binası, yem anbarı, nasosxana tikilib. Hazırda isə yardımçı tikililərin inşası və ətraf ərazinin abadlaşdırılması istiqamətində işlər aparılır. Kompleksin tikintisinin bu ilin martında başa çatdırılması nəzərdə tutulur. Ötən ilin avqustunda Macarıstandan Ağdaşa 400 baş ətlik və südlük mal-qara gətirilərək bu heyvandarlıq kompleksinin iki fermasında yerləşdirilib. Yerli və əcnəbi baytar həkimlərin və mütəxəssislərin səyi ilə həmin heyvanlar yerli şəraitə uyğunlaşdırılıb. Yanvarın 5-də Almaniyadan Ağdaşa daha 530 baş cins inək gətirilib. Hazırda heyvandarlıq kompleksində 1280 baş ətlik və südlük cins mal-qara bəslənilir. Bu ilin martında rayona yenə 400 baş inək gətirilməsi planlaşdırılır. Ötən il 1000 hektar əraziyə yonca səpilmiş və lazımı qədər yem tədarük olunub. Əlavə olaraq, 500 hektar sahəyə yem üçün arpa və qarğıdalı səpilib. Kompleksdə 110 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur.

Füzuli rayonunun Mahmudlu kəndində də 500 başlıq südlük cins iribuynuzlu heyvandarlıq kompleksi yaradılır. Ümumi sahəsi 7 hektar olacaq müəssisənin tikintisi üçün Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli kredit ayrılıb. Gələn ilin birinci yarısında istifadəyə verilməsi nəzərdə tutulan kompleksdə Hollandiyadan gətiriləcək cins iribuynuzlu heyvanlar bəsləniləcək. Heyvandarlıq kompleksi fəaliyyətə başlayandan sonra burada ildə 3,8 min ton süd istehsal ediləcək. Kompleksdə 25 nəfərin işlə təmin olunması nəzərdə tutulur.

Ərzağa olan tələbatın ödənilməsində mühüm yer tutan taxılçılıqda əksər regionlar üzrə vacib addımlar atılır, mühüm nailiyətlər əldə olunur. Onlaran biri olan Qaxda ötən ilin payızında taxılçılıq təsərrüfatlarında 12 min 421 hektar sahədə taxıl səpini aparılıb. Bu göstərici 2012-ci illə müqayisədə 223 hektar çoxdur. Taxıl sahələrinin 7 min 281 hektarını buğda, 5 min 140 hektarını isə arpa sahələri təşkil edir. Bundan əlavə, 585 hektar sahəyə xəsil əkilib. 2013-cü ildə Qax taxılçıları 12 min 198 hektar sahədən 24 min 508 ton məhsul əldə ediblər. Hazırda təsərrüfatlarda taxıl sahələrinə aqrotexniki qulluq göstərilir, gəmiricilərə və ziyanvericilərə qarşı kimyəvi mübarizə tədbirləri aparılır, sahələr suvarılır. Fevral-mart aylarında isə sahələrə gübrə veriləcək. Bu qəbildən olan misalların sayını bir qədər də artırmaq mümkündür və bütün bunlar bir daha regionların sürətli inkişaf yolunda olduğunu, bu sahədə həyata keçrilən siyasətin öz yüksək nəticələrini verdiyini aydın nümayiş etdirir.

R.BAYRAMOV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.