Sürücülər sığortadan qaçırlar

5 Aprel 2012 02:07 (UTC+04:00)

Qanunvericiliyə edilən dəyişiklik əsasında avtomobillərin inzibati sığortası məsələsi öz həllini tapsa da, bu günə qədər avtomobil sahibləri sığortalanmaq üçün aidiyyəti qurumlara gözlənilən səviyyədə müraciət etməyiblər.

Aparılan müşahidələr göstərir ki, sürücülər avtomobillərini sığortalamaqda maraqlı görünmürlər.

Qeyd edək ki, hazırda ölkədə 29 sığorta şirkəti var. Onların əksəriyyətindən məhkəmələrə müraciətlər edilir ki, müqavilənin şərtlərini pozurlar. Məlumatlara görə, bu ilin ilk rübündə cəmi 10 faiz sürücü avtomobillərini məcburi sığorta etdirib.

İqtisadçı ekspert Azər Mehtiyevin sözlərinə görə, avtomobil sahiblərinin sığorta şirkətlərinə müraciətlərinin sayının az olması bir neçə faktorla bağlıdır: "Hər kəsə məlumdur ki, Azərbaycanda sığorta ənənəsi yoxdur. Hətta sovet dövründə də azərbaycanlılar məcburi sığorta növünə elə də maraq göstərməyiblər. Müxtəlif yollarla məcburi sığortalanmadan imtina etmişik. Vərdişlərimiz hələ də qalıb və bunun nə qədər davam edəcəyini söyləmək çətindir. Digər tərəfdən Azərbaycanda maliyyə bazarı zəif inkişaf etdiyindən onun bir hissəsi olan sığorta bazarında da axsamalar mövcuddur. Avtomobil sahiblərini, şirkət rəhbərlərini, əmlak yiyələrini maarifləndirmək lazımdır ki, sığortalanmanın hansı üstünlükləri var. Sığorta bazarında maarifçilik yox səviyyəsindədir. Həmçinin sürücülərin gəlirləri o səviyyədə deyil ki, onlar sığortahaqqı ödəməkdə maraqlı olsunlar. Sığortahaqqı ödənilmədiyindən sığorta şirkətləri zəif inkişaf edirlər və sığorta üçün az miqdarda vəsait ayırırlar. Bizim apardığımız araşdırmalar zamanı məlum olub ki, daha çox yeni avtomobil alanlar öz maşınlarını sığortalayırlar. Özü də kreditlə maşın alanlar bu sırada birinci gəlirlər. Çünki banklar sığortalanmayan avtomobillərin alışı üçün vətəndaşlara kredit vermirlər. Qeyd etdiyiniz 10 faiz əsas etibarilə məhz bu sıraya daxildir. Digər tərəfdən avtomobillərin qiymətləri düşdükcə, ili köhnəldikcə onların sığortalanmasına az maraq göstərilir. 10 min manatdan aşağı avtomobil alan vətəndaşlar sığorta şirkətlərinə təsadüfi hallarda müraciət edirlər. Daha çox təzə və xarici avtomobil alanlar sığortalanmadan keçirlər. Bir çoxları hesab edirlər ki, onların ödədikləri sığorta pulu sığorta şirkətlərinin rəhbərlərinin cibinə gedir, amma bu belə deyil. Yenə də qeyd edirəm ki, bu sahədə maarifləndirmə işləri aparılmalıdır ki, bu kimi xoşagəlməz hallar baş verməsin".

Müstəqil Nəqliyyatçılar İctimai Birliyinin sədri Natiq Əkbərli də hesab edir ki, məcburi sığortalanmadan keçmədiklərinə görə, avtomobil sahiblərini ittiham etmək düzgün deyil: "Sığorta şirkətləri ilə sığorta olunanlar arasında inam qalmayıb. Bu inamsızlığın aradan götürülməsinə ehtiyac var. Avtomobili qəzaya uğrayan sürücülər şirkətlərdən dəymiş ziyanı ala bilmirlər.

Bu sferaya dövlət müdaxiləsinə ehtiyac var. Nəqliyyat Vasitələrinin İcbari Sığorta Bürosu bu kimi məsələləri yoluna qoymalıdır və sığorta şirkətləri məcbur edilməlidir ki, qanunlara əməl edilsin. Sığorta bazarında inamın, etibarın yüksəldilməsinə ehtiyac var".

N.Əkbərlinin sözlərinə görə, yaxın gələcəkdə sığorta bazarında canlanmanın olması gözləniləndir: "Rusiya istehsalı avtomobillərin ölkəyə girişi dayandırılandan sonra bu sahədə dirçəlmə ola bilər. 3-4 illik avtomobil alanlar sığortaya o qədər də meyil göstərmirlər. Hansılar ki, uzun müddətli avtomobil alırlar, sığorta şirkətlərinə müraciət edənlər əsasən onlardır".

R.XƏLİLOV