“Başlarına ildırım düşər...”

4 İyun 2012 12:30 (UTC+04:00)

Lent.az-ın İRNA agentliyinə istinadən verdiyi məlumata görə, ayətullah Ruhullah Xomeyninin ölümünün 23-cü ildönümü ilə bağlı mərasimdə çıxış edən Əli Xamneyi deyib ki, İsrail hər hansı yanlış addım atsa, yaxud hücuma keçsə, başlarına ildırım düşər.

Əli Xamneyi Qərbi İranın nüvə proqramı ilə bağlı yalan danışmaqda da ittiham edib: "Amerikalılarla avropalılar axmaqlıq edir. Öz problemlərini gizlətmək üçün nüvə problemini böyüdürlər".

İran ali dini liderinin hərbi məsləhətçisi general Yahya Rahim Səfəvi də İsrail və Qərbi təhdid edib: "İsraildə raketlərimizdən yayına biləcək bir hədəf belə yoxdur. İrana qarşı bir hərbi əməliyyat keçirilərsə, ABŞ-ın Orta Şərqdəki bazaları da hədəfimiz olacaq".

Qeyd edək ki, Orta Şərqdə gərginliyi artıran son məsələ Almaniyanın İsrailə verdiyi 3 sualtı qayıqla bağlı olub. "Der Spiegel" bu sualtı qayıqların nüvə başlıqlı raketlər daşıya biləcək imkana malik olduğunu yazıb. Almaniya Müdafiə Nazirliyinin sabiq idarə rəisi Hans Rühne və sabiq müşavir Lothar Rühl də bunu təsdiq ediblər.