Ana və qızı dəm qazından öldü

20 Yanvar 2014 23:36 (UTC+04:00)
Bakıda ana və qızı dəm qazından boğularaq ölüb. Hadisə Yasamal rayonunun Dadaş Bünyadzadə küçəsi ev 8, mənzil 19 -da baş verib. Burda yaşayan 47 yaşlı Dürdanə Səmədova yeganə övladı olan 4 yaşlı qızı Kübra Səmədova ilə hamama çimməyə giriblər. Səssiz qatil ana ilə balanın həyatına elə oradaca son qoyub. Dünyasını dəyişən ana ilə qızı hadisə zamanı evdə tək olublar. Mərhumun həyat yoldaşı dənizdə işlədiyindən evdə olmayıb. Evdə qalanların nə telefon, nə də qapının döyülməsinə reaksiya verməməsi qohumları təlaşlandırıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri çağırılıb.
Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən mənzilin qapısını açıblar. Mənzilə daxil olan xilasedicilər tükürpədici hadisənin şahidi olublar. Vəfat etmiş ana ilə qızını hamamda ölmüş vəziyyətdə aşkarlayıblar. Faktla bağlı Yasamal rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Ümumilikdə isə yanvar ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə dəm qazından zəhərlənmə diaqnozu ilə 46 müraciət daxil olub.