İstanbulda 20 yanvar faciəsi qurbanlarının xatirəsi anıldı

21 Yanvar 2014 12:32 (UTC+04:00)

Tədbirdə İstanbulda xarici ölkə diplomatları və Azərbaycan diasporu üzvləri iştirak edib. Azərbaycan Respublikasının İstanbul Baş Konsulluğu 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar tədbir keçirir. Deputatların, bu ölkənin siyasi və mədəniyyət xadimlərinin, mətbuat nümayəndələrinin, xarici ölkə diplomatlarının və Azərbaycan diasporu üzvlərinin qatıldıqları tədbiri Azərbaycanın Baş konsolu Hesen Zeynalov açıb. Hadisələr zamanı həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra səfir tədbir iştirakçılarına 20 Yanvar faciəsi haqqında geniş məlumat verib. Baş konsol bildirib ki, Sovet hakimiyyəti tərəfindən Azərbaycan xalqının azadlıq ideallarını beşiyindəcə boğmaq məqsədilə törədilmiş bu qanlı cinayət xalqımızı müstəqillik yolundan döndərməyi bacarmayıb. Baş Konsul ümummilli liderimiz Heydər Əliyevin qanlı faciədən dərhal sonra Moskvada 20 Yanvar faciəsi üçün məsuliyyət daşıyan Sovet dövlətinin rəhbərlərini ifşa etdiyini və müstəqil Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan sonra faciəyə hüquqi-siyasi qiymətin verilməsinə nail olduğunu diqqətə çatdırıb. Səfir eyni zamanda, təəssüflə qeyd edib ki, hadisələr baş verən zaman Azərbaycan informasiya blokadasında olduğu üçün dünya, o cümlədən Türkiyə KİV-lərində 20 Yanvar faciəsi barədə təqdim olunmuş məlumatlar hadisələrin tam obyektiv təsvirini verməyib. O zamankı hadisələri dərindən təhlil edən konsul Ermənistanda və Azərbaycanın Dağlıq Qarabağ bölgəsində azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə və qətliamlara da toxunub, 20 Yanvar faciəsini törətmiş Sovet hökuməti və onun rəhbəri Mixail Qorbaçovu erməni separatçılığına şərait yaratmaqda təqsirləndirib. Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən, Sovet ordusu Azərbaycana qarşı hərbi əməliyyatlara başladı. Faciə zamanı 137 insan öldürüldü, 744 adam ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil dağıdılıb. Azərbaycan xalqı 20 Yanvar faciəsi zamanı hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirmişdir. 1990-cı ilin Qanlı Yanvarında Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalmış Vətən övladları özlərinin fədakarlığı, şəhidliyi ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazmışlar. Vurğulanmışdır ki, xalqımızın qan yaddaşına yazılmış 20 Yanvar eyni zamanda qəhrəmanlıq səhifəsidir .Tədbirin rəsmi hissəsindən sonra İstanbulda yaşayan azərbaycanlı vətandaşlarımıza 20 Yanvar faciəsindən bəhs edən tarixi fotoşəkillərdən ibarət sərgi, həmçinin sənədli film tədbir iştirakçılarına təqdim olunub.