Azərbaycanlı və erməni jurnalistlər bəzi məsələlərdə razılığa gəliblər

4 İyun 2012 18:52 (UTC+04:00)

Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək məqsədilə Azərbaycan və Ermənistan cəmiyyətlərinin yaxınlaşdırılması üzrə humanitar təşəbbüs çərçivəsində Moskvada iki ölkənin bəzi KİV rəhbərlərinin görüşü başa çatıb.
APA-nın Moskva müxbirinin məlumatına görə, Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun təşəbbüsü ilə "Rossiyskaya qazeta"nın redaksiyasında keçirilən görüş başa çatandan sonra nümayəndə heyətləri İTAR-TASS informasiya agentliyində tanışlıq səfərində olub.
Ermənistan nümayəndə heyətinin üzvləri mətbuata açıqlama verməkdən imtina ediblər.
Azərbaycan nümayəndə heyətinin üzvü, "News.az" xəbər portalının baş redaktoru Elnur Baimov açıqlamasında görüşün müsbət tərzdə keçdiyini bildirib. Onun sözlərinə görə, iki ölkənin media rəhbərləri arasında dövlət rəhbərləri, xalq nümayəndələrinə qarşı mətbuatda qeyri-etik ifadələrin səslənməməsi, xalqlar arasında düşmən obrazının yaradılmasının azaldılması barədə şifahi razılıq əldə olunub.
Bu toplantının ikinci olduğunu xatırladan E. Baimov növbəti görüşün harada keçirilməsi barədə müzakirələr aparıldığını da deyib: "Bakıda, İrəvanda, Tiflisdə belə görüşlərin keçirilməsi təklifləri irəli sürüldü. Ötən dəfə də belə təkliflər olmuşdu. Amma görüş yenə də Moskvada oldu. Hələlik yekun qərar yoxdur".
Qeyd edək ki, görüşdə Azərbaycanın KİV rəhbərlərindən "Baku Post" qəzetinin baş redaktoru Tofiq Abbasov, "1news" agentliyinin baş redaktoru Rəhman Hacıyev, "Trend" informasiya agentliyinin baş direktoru İlqar Hüseynov, "News.az" xəbər portalının baş redaktoru Elnur Baimov və jurnalist Azər Həsrət iştirak ediblər.
Ermənistan tərəfdən Ermənistan İctimaiyyətlə Əlaqələr Assosiasiyasının eksperti Armen Minasyan, informasiya təhlükəsizliyi sahəsi üzrə ekspert, kulturoloq-blogger Samvel Martirosyan, "Aravot" qəzetinin baş redaktoru Aram Abramyan, Ermənistan Prezident Aparatı İctimaiyyətlə əlaqələr və informasiya mərkəzinin rəhbəri Ara Saqatelyan və "Qolos Armenii" qəzetinin baş redaktorunun müavini Marina Qriqoryan görüşə qatılıblar.
Görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Ermənistanın Rusiyadakı səfiri Oleq Esayan və keçmiş səfir, MDB Dövlətlərarası Humanitar Fondunun icraçı direktoru Armen Smbatyan da iştirak edib.
Xatırladaq ki, bu il fevralın 22-də "Rossiyskaya qazeta"nın redaksiyasında iki ölkə ziyalılarının görüşü keçirilib. Görüşdə iştirak edən M. Şvıdkoy bu cür təmasların davam etdiriləcəyini söyləyib.
Bundan başqa, ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov Bakıya son səfəri zamanı yaxın vaxtlarda Azərbaycan və Ermənistan ziyalıları arasında növbəti görüşün keçiriləcəyini bildirib.
Qeyd edək ki, Azərbaycan və Ermənistan prezidentlərinin yanvarın 23-də keçirilən Soçi görüşündə də humanitar təmasların fəallaşdırılması qərara alınıb.