Azərbaycanda mövcud olan bütün bitkilər genetik pasportlaşdırılır

22 Yanvar 2014 15:53 (UTC+04:00)

Azərbaycanda mövcud olan bütün bitkilərin genetik pasportları hazırlanıb. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Genetik Ehtiyatlar İnstitutunun direktor müavini Mehrac Abbasov APA-ya açıqlamasında bildirib ki, hazırda bitkilərin gen bankında 10 minə yaxın bitki nümunəsi haqqında məlumat yerləşdirilib. Onun sözlərinə görə, buradakı bitkilərin genetik pasportlaşdırılması hissə-hissə həyata keçirilir.

 

M. Abbasov qeyd edib ki, 2013-cü ildə şəkər çuğunduru, buğda və noxudun hər biri üzrə 50-60 nümunənin pasportlaşdırılması başa çatıb: "2014-cü ildə bu say bir qədər artırılacaq. Belə ki, buğda, arpa, noxud, lobya, çovdar bitkiləri üzrə gen bankında olan nümunələrin pasportlaşdırılması həyata keçiriləcək. Bu məsələ plana salınıb və ayrı-ayrı adamlar tərəfindən işlərin mərhələli şəkildə həyata keçirilməsi üçün göstəriş verilib. Hər bir mərhələdə təxminən 40-50 nümunənin pasportlaşması aparılacaq".

 

M. Abbasov deyib ki, bitkilərin genetik pasportlaşdırılması onların Azərbaycana məxsus olduğunu tam sübut edəcək və milli bitkilərin oğurlanması hallarının qarşısını alacaq.