Keyfiyyətsiz qida təhlükəsi

22 Yanvar 2014 16:35 (UTC+04:00)

Beynəlxalq "Oksfam" humanitar təşkilatının araşdırmasına görə, Azərbaycanda istehlakçılara təqdim olunan məhsullar keyfiyyət cəhətdən bəzi  MDB ölkələrindən geridə qalır.  Bu gün ölkəmizdə insanların sağlamlığının qorunması naminə qida təhlükəsizliyinə nəzarət edilsə də, görünür, həyata keçirilən tədbirlər yetərli deyil. Hələ də bazarda külli-miqdarda keyfiyyətsiz məhsula yer verilir. 

"Oksfam"  təşkilatının araşdırmasının nəticələri ilə razılaşan AİB sədri Eyyub Hüseynov Azərbaycanda istehlakçılarının mənafeyinin tam qorunmadığını bildirir: "Mən "Oksfam" təşkilatının mövqeyi ilə razıyam. Bunun bir neçə səbəbi var. Burada qlobal səbəb ondan ibarətdir  ki, istehlakçıların mənafeyi tam nəzərə alınmır. Digər əsas səbəb qanunvericilikdəki boşluqlardır. İkincisi ölkədə müstəqil laboroaoriyaların olmaması da mövcud problemlərdən biridir. Bundan başqa, Azad İstehlakçılar Birliyinin pis işləməsi, qida təhlükəsizliyinə nəzarət edən orqanların effektsiz işi və s. problemlərin ortaya çıxmasına səbəb olur. Əlbəttə, bütün bu işlərdən qayğılanan ABŞ-ın İnkişaf agentliyi, 5 ildir Azərbaycanda ərzaq mallarının rəqabətə davamlılığına nəzarəti həyata keçirir. 2012-ci ildən etibarən  isə bizdə treninqlər keçirilir və hal-hazırda AİB olaraq mallara qida təhlükəsizlik nişanı veririk. Artıq 3 müəssisəyə belə nişan vermişik. Azərbaycan Ümumdünya Ticarət Təşkilatının üzvü olduqdan sonra vəziyyət daha da pisləşəcək. Beynəlxalq təşkilatlat da bu pisləşmə vəziyyətini görür. 

Biz tarladan istehlakçının stolunun üstünə qədər qida məhsullarının izlənmə prosesini həyata keçirəcəyik. Təsadüfi deyil ki, 16 yanvar 2014-cü ildə Prezidentin ayrıca sərəncamı çıxdı. Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının təkmilləşdirməsi sahəsində əlavə tədbirlər haqqında sərəncamdır. Bu sərəncamda bir sıra müsbət məqamlar göstərilibdir. Əgər dediyim qlobal problemlər düzələrsə, sərəncam yerinə yetirilərsə və qida təhlükəsizliyik nişanının verilməsi ilə bağlı bizim fəaliyyətimiz güclənərsə, onda vəziyyət yaxşıya doğru dəyişə bilər".  

Azərbaycan Tibb Universiteti Qidalanma və kommunal gigiyena kafedrasın müdiri, tibb elmləri namizədi, dosent İbrahim Əhmədov isə hər bir insanın öz sağlamlığının qayğısına özünün qalmalı olduğunu deyərək, insanları qida seçərkən diqqətli olmağa çağırır:  "İndi yeyinti məhsullarının əldə edilməsi, daşınması, istehsalı, saxlanması qaydalarının əməl edilməsinə respublikamızda nəzarət kafi dərəcədə olmadığından və istehsalçıların, tədarükçülərin, emalçıların işlərinə vicdanlı münasibət bəsləmədiklərinə görə, yeyinti məhsullarının keyfiyyyətinə zəmanət vermək çox çətindir. Onun etibarlılığını qiymətləndirmək çox çətindir. Hər bir insan  sağlamlığının qayğısına qalırsa, aldığı məhsulun, istifadə etdiyi qidanın heç olmasa, özünün təsəvvürləri daxilində təhlükəsizliyinə vizual olaraq baxmaqla, onun xüsusiyyətlərini, qoxusunu, dadını, rəngini araşdırmaqla seçim etməlidir. Yoxsa, hər an qida infeksiyaları və zəhərlənmələri baş verə bilər".