Azərbaycanda jurnalistlərin izlənməsi məsələsi çox şişirdilir

4 İyun 2012 22:08 (UTC+04:00)

Azərbaycan Avropa, Asiya və Yaxın Şərqin qovşağında yerləşir və həm Rusiya, həm də İranla sərhədə malik olan yeganə ölkədir. Bu barədə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov "The Washington Times"a verdiyi müsahibədə bildirib.

O deyib: "Amerikalılar regionu terrorizm və radikalizmdən azad, xalqları din və mədəniyyət nöqteyi- nəzərindən əməkdaşlıq edən görmək istəyirlər, biz də bunu istəyirik. Azərbaycanın məqsədi müəyyən dəyərlərə can atan azad dövlət yaratmaq, həmçinin Qərblə Şərqin, müsəlman və digər sivilizasiyaların qovuşduğu yerdə tolerantlıq fonunda nümunə olmaqdır".

Enerji məsələsində Amerika maraqlarının inkişafı mövzusuna toxunan E.Süleymanov deyib ki, 2005-ci ildə Aralıq və Xəzər dənizlərini birləşdirən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikilməsi SSRi dağıldıqdan sonra Amerikanın regiondakı "ən böyük maliyyə uğurudur".

Azərbaycanda jurnalistlərin izlənməsi məsələsinin çox şişirdildiyini bildirən Azərbaycan səfiri hökumətin jurnalistləri təqib etməsini qəti şəkildə təkzib edib: "Siz kontekstə baxmalısınız, Azərbaycan xalqının əksəriyyəti bu gün dünənkindən daha yaxşı vəziyyətdə yaşayır. Biz Sovet İttifaqı zamanı avtoritar, totalitar və demokratik ənənələrə malik olmayan cəmiyyətdən çıxmışıq".

"Azadlıq Radiosu"nun jurnalisti Xədicə İsmayılova ilə bağlı məsələni şərh edən diplomat vurğulayıb ki, onunla baş verən hər şey ürəkbulandırıcıdır və belə hallar bir daha təkrar olunmamalıdır: "Biz bunu qəti şəkildə tənqid edirik".