Allahşükür Paşazadə: “Suriyaya pula görə gedib döyüşürlər”

28 Yanvar 2014 11:54 (UTC+04:00)

"Azərbaycanda bir-birini dini təriqətlərə bölərək, aşağılayırlar ki, bu da cinayətdir, yolverilməzdir".

Bunu bu gün Qafqaz Müsəlmanları İdarəsində (QMİ) dindarların iştirakı ilə keçirilən tədbirdə QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.

 

O qeyd edib ki, son vaxtlar belə hallar artıb: "Mən şəxsən heç bir təriqətdən deyiləm, mən müsəlmanam. Çünki İslamda dini təriqətlərə bölərək bir-birini aşağılamaq yolverilməzdir. Bu cinayətdir. Suriyada indi şəhadət adıyla gedib döyüşürlər ki, bu da düzgün deyil. Özü də pula görə gedib döyüşürlər. Peyğəmbər (ə) buyurub ki, pulla gedib döyüşmək şəhadət sayılmır. Əminəm ki, dövlət bununla bağlı hansısa tədbir görəcək. Çünki bu, İslama qarşı yolverilməzdir".

 

Şeyx Qazılər Şurasına da müraciət edərək bildirib ki, bu halların qarşısını almaq üçün fəaliyyətə keçsin: "Bizim Qarabağ kimi dərdimiz var. Biz torpaqlarımızın və oradakı qurbanlarımızın qeyrətini çəkməliyik. Bizim əsl şəhadətimiz budur".

 

Şeyx bəzi məmurlara da övladları ilə bağlı müraciət edib: "İndi elə məmurlar var ki, dövlət işində oturub maaş alır, amma övladları başqa-başqa məzhəblərə qoşulub yoldan çıxır".