Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçirilə bilər

28 Yanvar 2014 14:05 (UTC+04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərin jurnalistika fakültəsinə qəbul zamanı qabiliyyət imtahanlarının tətbiqi ilə bağlı Mətbuat Şurası ilə danışıqlar aparır. Movqe.az-ın  xəbərinə görə, TQDK sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib ki, bu məsələ ilə bağlı Mətbuat Şurasının sədri Əflatun Amaşovla əlaqə saxlanılıb və jurnalistika fakültəsinə bakalavr pilləsi üzrə qabiliyyət imtahanlarının hansı formada keçirilməsini barədə təkliflərini hazırlayaraq komissiyaya məlumat vermələri xahiş edilib. TQDK sədri qeyd edib ki, yaxın günlərdə Mətbuat Şurasının sədri ilə görüş keçiriləcək: "Onlar öz təkliflərini hazırlasınlar. Fikrimcə, jurnalistika ilə məşğul olan şəxsin ixtisasından asılı olmayaraq bakalavr səviyyəsində ali təhsili olmalıdır. Magistratura pilləsində isə onlar mütəxəssis kimi formalaşmalıdırlar. Ölkədə magistraturaya qəbul 2 mərhələdə aparılır. Magistratura pilləsində jurnalistika ixtisasına qəbul aparılarkən onların qabiliyyət bacarığı yoxlanılır. İkinci mərhələdə jurnalistikaya sənəd verənlər esse yazırlar. Bu da həmin qabiliyyət imtahanıdır. Ola bilsin ki, jurnalistlər jurnalistika ilə bağlı imtahanın məzmunu ilə yaxşı tanış olmadıqları üçün bu məsələ qaldırılır. Fikirləşirəm ki, bakalavr pilləsi üzrə jurnalistikaya qəbul imtahanı zamanı qabiliyyət imtahanı tətbiq olunsa, onda jurnalistikaya təxminən 200-300 bal toplayan uşaqlar qəbul olunacaqlar. Bu bizə lazımdırmı? Bizə intellektual jurnalist, yoxsa hansısa növ qabiliyyət imtahanından keçənlər lazımdır? Bizim üçün qabiliyyət imtahanını təşkil etmək texniki bir məsələdir və biz buna hazırıq. Amma bu nə dərəcədə nəticə verəcək, nəticəmiz yaxşılaşaq, yoxsa bundan sonra pisləşəcək?".M. Abbaszadə qeyd edib ki, ilk növbədə jurnalistika fakültəsində tədris prosesini müasir səviyyəyə qaldırmaq lazımdır: "Çox böyük müzakirələr nəticəsində filologiya və tarix fakültəsini bitirənlərin jurnalistika fakültəsində sənəd verməsinə icazə alınıb. Hər il bakalavr səviyyəsini bitirənlər üçün bu imkanları genişləndiririk. Hazırda jurnalistika üçün müasir metodlar tələb olunur. İndi internet jurnalistikası, telejurnalistika var və bunun üçün müəyyən avadanlıq, proqramlardan istifadəni bilmək lazımdır. Amma düşünürəm ki, bu xüsusi bilikləri müxtəlif yollarla-magistratura səviyyəsində, eyni zamanda, xüsusi kurslarda əldə etmək mümkündür. Əgər bakalavr pilləsi üzrə jurnalistikaya qəbul zamanı qabiliyyət imtahanı tətbiq olunsa və yazılı iş istənilsə, yəqin ki, birinci il təqdim olunan plan yerləri dola bilməz. Çünki qoyulan tələblərə uyğun esselərin kifayət qədər yazılacağına inanmıram".