Bankların ipoteka kreditlərini də yüksək faizlə verirlər

28 Yanvar 2014 14:58 (UTC+04:00)

Bu gün ölkəmizdə əhalinin ev ehtiyacının təmin edilməsi üçün yaradılan imkanlardan biri də ipoteka kreditlərinin verilməsidir. Həm dövlət tərəfindən, həm də ayrı-ayrı kommersiya bankları tərəfindən ipoteka kreditləri təklif olunur. Lakin bakların əhaliyə təqdim etdiyi ipoteka kreditlərinin faiz göstəriciləri dövlət tərəfindən verilən kreditlərlə müqayisədə xeyli çoxdur. Bu vəziyyəti şərtləndirən səbəblər haqqında iqtisadçı-ekspertlər Movqe.az-a danışdılar.    

Ayrı-ayrı bankların faiz dərəcələrini yüksək tutmasının səbəbinin onların kommmersiya maraqlarından qaynaqlandığını deyən iqtisadçı-ekspert Məhəmməd Talıblı dövlət tərəfindən verilən kreditlərin faiz dərəcələrinin aşağı olmasını bunun sosial proqramlar çərçivəsində həyata keçirilməsi ilə izah edir: "İpoteka kreditlərinin bank və ya dövlət tərəfindən verilməsindəki fərqlər yalnız həmin bankların uçot dərəcələri və s. ilə bağlı deyil. Onunla bağlıdır ki, həmin banklar kommersiya banklarıdır və müəyyən kommersiya əsasında işləməlidirlər. Kommersiya banklarının fəaliyyətinə gəlincə isə, onlar kommersiya maraqları ilə çıxış etdiklərindən, təbii ki, faiz dərəcələri yüksək olmalıdır. Amma hökumətin verdiyi ipoteka kreditləri məhz dövlət büdcəsindən verildiyi üçün istismar vəsaitlər hesab olunur və onlar hesabına verilən ipoteka kreditlərinin faiz dərəcələri aşağı olmalıdır. Çünki, dövlət burda sosial maraqlardan, sosial proqramlardan çıxış edərək mənzilə ehtiyacı olan əhali qrupları üçün əlverişli iqtisadi şərtlər irəli sürməlidir. Amma kommersiya bankları kreditləri  yalnız kommersiya maraqlarından çıxış edərək verir. Bu gün ölkədə kommersiya bankları daha çox ipoteka kreditləri verirsə, təbii ki, kommersiya banklarından ipoteka kreditləri üçün daha əlverişli şərait yaranır. Nəzərə alsaq ki, bu gün Azərbaycandakı bankların çox cüzi bir hissəsi ipoteka kreditləri ilə məşğul olur, bu zaman, təbii ki, kommersiya banklarının ipoteka şərtləri çox ağır və faiz dərəcələri yüksək olur. O ki qaldı dövlət və kommersiya bankları arasındakı fərqlərə, burada əsas məsələ ondan ibarətdir ki, dövlət onu iqtisadi və sosial ipoteka şərtlərinə uyğun olaraq  təşkil edir. Ona görə də, kommersiya və ipoteka şərtlərində, təbii ki, fərqlər olmalıdır. Amma indiki halda dövlət tərəfindən ipoteka üçün ayrılan vəsait kifayət qədər olmamaqla bərabər, müəyyən sayda  mənzilə ehtiyacı olan əhali qrupları üçün  də əlçatan deyil. Bundan başqa, dövlət büdcəsindən ipoteka kreditlərinin artırılması ilə yanaşı, kommersiya bankları üçün də daha çox ipoteka kreditlərinə çıxış imkanları stimullaşıdırılmalıdır. Bu, Mərkəzi Bank tərəfindən həyata keçirilməlidir. O  zaman dövlət tərəfindən ayrılan ipoteka kreditlərinin şərtləri ilə kommersiya banklarının verdiyi ipoteka şərtləri arasında bir uyğunluq əmələ gələr". 


Kredit İttifaqları Assosiasiyasının İdarə Heyətinin sədri Ayaz Quliyev isə verilən kreditlərin fazi dərəcələrinin yüksək olmasını alıcılığın çox olması ilə əlaqələndirir: "Tələbat  var deyə banklarda ipoteka kreditlərinin faiz dərəcələri yüksəkdir. Lakin  banklarda ipoteka kreditləri üçün istənilən qədər məbləğlər və imkanlar var. Buna görə də, əhali banklara daha çox müraciət edir. Nəticədə tələbat yüksək olduğundan kreditlər yüksək faizlə verilir".