Azərbaycandakı cinsi azlıqlara dəstək

30 Yanvar 2014 09:54 (UTC+04:00)
Nəfəs LGBT Azərbaycan Alyansı nümayəndə heyyəti Almaniya, Niderland, Norveç, Böyük Britaniya, Belçika, İsveçrə, ABŞ səfirlikləri və Avropa İttifaqının Bakı nümayəndəliyi ilə görüş keçiriblər. "Qafqazinfo" xəbər verir ki, dəyirmi masa ətrafında baş verən görüşdə ölkədəki LGBT hüquqlarının vəziyyəti, LGBT insanların sosial statusu və üzləşdiyi problemlər müzakirə olunub. Səfirlik nümayəndələri öz çıxışlarında bildiriblər ki, Avropa - Azərbaycan münasibətlərinin inkişafında fundamental insan hüquqlarının müdafiəsi, o cümlədən LGBT insanların hüquqi statusunun qorunması məsələləri onlar üçün prioritetdir. Həmçinin, Nəfəs nümayəndələri keçirdikləri "LGBT iş mühiti" sorğusunun nəticələrinin təqdimatını ediblər. Sorğu müxtəlif bank, turizm, səhiyyə, təhsil, kiçik və böyük ticarət mərkəzləri, QHT - lər arasında aparmaqla 500 respondenti əhatə edib. Sorğunun keçirilməsində əsas məqsəd LGBT insanların iş mühitində üzləşə bildiyi neqativ halların, ümumilikdə iş mühitində onlara olan münasibəti, respondentlərin LGBT mövzusunda olan biliklərini müəyyənləşdirməkdən ibarət olub. Sorğu 5 ay müddətində olmaqla Azərbaycanın 8 bölgəsində aparılıb. Əldə olunan nəticələrə əsasən təşkilat yeni proqramların hazırlanmasını nəzərdə tutur. Sorğunun nəticələri yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.