Aydın Əliyev: «Azərbaycana gətirilən bəzi avtomobillər ekoloji standartlara cavab vermir»

30 Yanvar 2014 13:18 (UTC+04:00)

"Azərbaycana idxal olunan bəzi avtonəqliyyat vasitələri ekologiyaya ziyan vurur və mövcud ekoloji standartlara cavab vermir".

Bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bildirib.

A.Əliyevin sözlərinə görə, Azərbaycanda "Euro-4" ekoloji standartlarına keçidlə bağlı qəbul olunmuş qərar olduqca önəmlidir: "Bu qərar qəbul olunubsa, deməli buna ehtiyac var. "Euro-2" standartı ən aşağı standart idi. "Euro-4"ə keçid avtomobillərin idxal tələblərini artıracaq, ekologiyanın qorunmasına xidmət edəcək".

 

DGK sədri qeyd edib ki, bu standarta keçid köhnə avtomobillərin tədricən aradan qaldırılması və tıxac probleminin həllinə xidmət edir: "Həmçinin, yol hərəkətinin normal vəziyyətə düşməsinə təsir edəcək. Artıq Avropada "Euro-5"dən "Euro-6"ya keçirlər. İnkişaf edən ölkə üçün bu, normal qərardır".