Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası əhaliyə müraciət edir
31 Yanvar 2014 09:20 (UTC+04:00)
Ötən gündənm başlayaraq Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi
Yardım Stansiyasına çağırışların sayı artıb. Stansiyadan Movqe.az-a
verilən məlumatlara görə, çağırışların sayı şaxtalı və qarlı hava
ilə əlaqədar adi günlərə nisbətən artıb. Çağırışların çoxu
avtoqəzada xəsarət alanlar, dəm qazından zəhərlənənlər və buzlu
yolda yıxılaraq xəsarət alanlarla bağlıdır. Təxirəsalınmaz Tibbi
Yardım Stansiyasından onu da bildirdilər ki, paytaxt küçələrinin
buz bağlaması nəticəsində təcili tibbi yardım maşınlarının hərəkəti
çətinləşib. Əsasən Binəqədi, Yasamay, Yeni Günəşli istiqamətində
yollarda hərəkət mümkünsüz olub. Hətta çağırışa gedən bir neçə
təcili yardım maşını bataraq yolda qalıb. Hətta həmin maşınların
çıxarılması üçün Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri
işə qarışmalı olub. Hazırda stansiyanın xüsusi qışa hazır olan
təcili yardım maşınları da əhaliyə xidmət göstərir. "Vətəndaşlardan
xahiş edirik ki, zərurət olmadığı təqdirdə lazımsız yerə təcili
yardıma müraciət etməsinlər. Elə elementar şeylərdən ötrü təcili
yardımı çağırırlar, maşın o xəstənin üstünə çətinliklə gedib çatır,
ağır xəstə qalır bir tərəfdə, biz həmin xəstələrin üstünə
gecikirik. Ciddi bir şey yoxdursa, təcili yardımı ünvana
çağırmasınlar, əvəzində zəng edib telefonla məsləhət alsınlar. Ağır
xəstələr, travmalar, doğuşlar, qanaxmalar, sudurğalar, uşaqlarda
yüksək hərarət, insult, infarkt, yüksək təzyiq olan hallarda təcili
yardım çağırsınlar. İnsanlar başa düşməlidir ki, elementar
şeylərdən ötrü həkimi çağırmaq başqa ağır xəstələr üçün nə qədər
problemlər yaradır", - deyə stansiyadan bildirilib.
Qeyd edək ki, ötən gün paytaxtda təcili yardıma 1700-dən çox
müraciət daxil olub. Ən çox müraciətlər isə yol qəzaları ilə
bağlıdır. Bu gecədən isə müraciətlərin sayı daha da çoxalıb.