Sığınacaqlarda tibbi xidmət, istilik sistemləri təşkil olunub

31 Yanvar 2014 17:50 (UTC+04:00)

Müvəqqəti sığınacaqlarda ilkin tibbi xidmət göstərilməsi məqsədilə tibb işçiləri cəlb olunub. Bakının müvəqqəti sığınacaqlar təşkil olunmayan yaxın rayonlarında belə xidmətlərə ehtiyacı olan insanların da yaxındakı sığınacaqlara istiqamətləndirilməsi nəzərdə tutulub.  Movqe.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev deyib. Onun sözlərinə görə, nazirliyin 142 etimad telefonu sutka ərzində fəaliyyət göstərir: "Sığınacaqlarda tibbi xidmət, yataqlar, isti yemək və çay, istilik sistemləri təşkil olunub. Öz rayonuna qayıtmağa çətinlik çəkənlər, açıq havada işləyənlər, faktiki yaşayış evləri uzaq olanlar, müəyyən yaşayış evləri olmayanlar, müvəqqəti isinməyə və ilk tibbi yardıma ehtiyacı olanlar və digərləri bu xidmətdən istifadə edə bilərlər".

Qeyd edək ki, sığınacaqlar bir sıra ünvanlarda fəaliyyət göstərəcəklər. Bunlara Nərimanov rayonu, Yaşıl bazarının yanı, Xətai prospekti-11, Nəsimi rayonu, Nəsimi bazarının yanında, Süleyman Rüstəm küçəsi-69, Nizami rayonu, "Xalqlar Dostluğu" metro stansiyasının yanında, Q.Qarayev küçəsi-118, Xətai rayonu, "Bakı" kinoteatrının qarşısı, Sarayevo küçəsi-20, Yasamal rayonu, Xiyabani küçəsi-211 daxildir.