Ədliyyə Nazirliyinin idarə rəisi: “Xarici QHT-lərdə hüquqi nihilizm hökm sürürdü”

31 Yanvar 2014 18:19 (UTC+04:00)

 "Azərbaycanda 3 il fəaliyyət göstərməyən QHT-nin qeydiyyatının ləğvi mümkün deyil. Çünki Mülki Məcəllədə 3 il fəaliyyət göstərməyən təşkilatın ləğvi nəzərdə tutulsa da, Konstitusiya Məhkəməsi 2005-ci ildə bunun həyata keçirilməməsi ilə bağlı qərar verib".

 

APA-nın verdiyi məlumata görə, bunu Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinin rəisi Rahim Rəhimov deyib.

 

R.Rəhimov qanunvericiliyə edilən əlavə və dəyişikliklərdə QHT-yə öncə xəbərdarlıq edilməsi, sonra cərimə tətbiq olunması, son mərhələdə isə onun fəaliyyətinin dayandırılmasının nəzərdə tutulduğunu açıqlayıb: "Qanunvericilikdə kifayət qədər əsaslar olduğu halda, son 10 ildə hansı QHT-nin fəaliyyəti dayandırılıb? 2013-cü ildə QHT-lər 14 hüquq pozuntusuna yol verib, onlardan yalnız 1-i cərimələnib. Heç bir QHT-nin fəaliyyətini dayandırmaq niyyətimiz yoxdur. Ədliyyə Nazirliyi QHT-lərin fəaliyyətinin öyrənilməsi qaydasının qəbulunu istəyir. Prezidentin sərəncamı, Nazirlər Kabinetinin qərarı ilə QHT-nin fəaliyyətinin öyrənilməsi qaydası müəyyənləşəcək və bununla bağlı müvafiq icra orqanına da səlahiyyət veriləcək. Çünki QHT-yə ayrılan qrantın terrorizm və digər qadağan olunan istiqamətlərdə istifadə edilib-edilməməsini yoxlamağa ehtiyac var".

 

R.Rəhimov QHT üzvlərinin məhkəməyə müraciəti əsasında QHT-nin fəaliyyətinin dayandırılması ilə bağlı narahatlıqlara da münasibət  bildirib: "Bu gün Azərbaycanda Korlar Cəmiyyəti və digər minlərlə üzvü, böyük əmlakı olan QHT-lər var. Bu QHT-lərin çoxlu sayda əmlakları var və o təşkilatlarda bu əmlaklarla bağlı ciddi mübahisələr yaranıb. Bu problemi Ədliyyə Nazirliyi yox, məhkəmə həll etməlidir".

 

İdarə rəisi Azərbaycana humanitar fəaliyyət göstərmək adı altında  gəlib, dini fəaliyyətlə məşğul olan təşkilatların olduğunu bildirib: "Son əlavə və dəyişikliklərlə Azərbaycanda xarici QHT-lərlə yerli QHT-lərin hüquqları bərabərləşdirilib. Ən şıltaq QHT-miz də xarici QHT-lərin filiallarına baxanda peyğəmbər övladlarıdır. Xarici QHT-lərdə hüquqi nihilizm hökm sürürdü. Qanunvericiliyə edilən son əlavə və dəyişikliklərdə də məqsəd bu hüquqi nihilizmin aradan qaldırılmasıdır".