Ermənilər Qarabağı tərk edirlər

1 Fevral 2014 07:44 (UTC+04:00)

Cəbhə zonasında hələ də silahlar susmur. Yanvarın 20-dən kəskinləşən vəziyyət fonunda gərginlik də pik həddə çatmaqdadır. Artıq beynəlxalq ictimaiyyət nümayəndələri də baş verənlərdən ciddi narahatlıqlarını ifadə etməkdədir. Lakin bu narahatlığa rəğmən, atəşkəsin daha intensiv şəkildə pozulması davam edir.

Hazırda baş verənlər həm də müəyyən maraqlı nüansları daha qabarıq formada üzə çıxarmaqaddır. Söhbət həm Ermənistanı, həm də Qarabağı tərk edən ermənilərin sayının artmasından gedir. Özü də bu o fonda baş verir ki, cəbhədə ciddi gərginlik hökm sürür, ölən erməni hərbçilərinin sayı artır, hər an genişmiqyaslı müharibənin başlanma ehtimalı var. Bunu görən ermənilərin canına vicvicə düşüb, ən yaxış çarəni qaçmaqda görürlər.

Daha bir önəmli məqam isə cəbhədə yaşanan gərginlik fonunda münaqişənin sülh yolu ilə həllinə dair aparılan danışıqların dayandırıla biləcəyidir. Maraqlıdır ki, vasitəçilər yaxın aylarda Azərbaycan və Ermənistan prezidentlərini növbəti dəfə bir araya gətirməyə çalışsalar da, regionda baş verən son hadisələr, daha doğrusu, cəbhədə yaşanan gərginlik sülh danışıqlarına ümidlə baxmağa imkan vermir. Əksər ekspertlər hesab edir ki, qoşunların təmas xətti boyu şiddətlənən atışma prezidentlər səviyyəsində danışıqların yenidən uzun müddətə təxirə salınacağına gətirib çıxara bilər. Qeyd edək ki, iki illik fasilədən sonra dövlət başçılarını sonuncu dəfə Vyanada bir araya gətirməyə nail olan vasitəçilər, gərginliyi azaltmaq məqsədilə regiona səfər etməyi planlaşdırırlar. Əslində, bu səfər prezidentlərin görüşünün təşkilinə hazırlıq məqsədi daşıyır.

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceymz Uorlik qeyd edir ki, o, gələn həftə Bakı və İrəvana səfər edəcək və hər iki ölkənin prezidenti ilə görüşəcək. Lakin o etiraf edir ki, atəşkəsin pozulması danışıqlar prosesinə zərbə vurur: "Atəşkəsin pozulması, zorakılıq ciddi məsələdir. Hər iki tərəfdən insanlar həyatını itirib. Bu, çox təəssüf doğurur. Bu, bizim irəliləyiş əldə etməyimiz üçün danışıqlar mühitinə də zərbə vurur".

Təmas xəttindəki son hadisələri nəzərə alan siyasi müşahidəçilər də hesab edirlər ki, vasitəçiləri indi dövlət başçılarının görüşündən daha çox regiondakı gərginlik narahat edir. Bu fonda hələ öz amplualarına sadiq qalaraq tərəfləri sülh naminə addımlar atmağa çağıran Minsk qrupu həmsədrləri isə danışıqların növbəti raundunun fevral ayı ərzində baş tutmasını təşkil etmək cəhdlərinin iflasa uğracayağının fərqindədirlər. Qeyd edək ki, həmsədrlər prezidentlərin görüşünün fevralın əvvəllərində baş tutması üçün çalışırdı və belə görüş üçün ehtimal edilən məkan Rusiyanın Soçi şəhəri idi.Əslində, böyük ümidlərin bəsləndiyi nazirlərin Paris görüşündə də heç bir irəliləyişin əldə edilməməsinin əsas səbəbi təmas xəttindəki gərginlik oldu. Bu gərginlik hələ də Ermənisatnın əsas mütəffiqi olan Rusiyanı da artıq dillənməyə vadar etdi.

Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin münaqişə zonasında vəziyyətin kəskinləşməsinə dair verdiyi şərh də bunun göstəricisidir: "Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin kəskinləşməsi bizi narahat edir. Son günlərdə atəşkəs rejiminin pozulması hallarının çoxalması nəticəsində sərhəddə və təmas xəttində hərbi qulluqçular arasında tələfat var. Dinc əhali arasında yaralananlar haqqında məlumat verilir.

Rusiya Xarici İşlər Nazirliyi belə hesab edir ki, gərginlik artsa, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesi üçün mənfi nəticələr labüddür. 2013-cü il noyabrın 9-da Vyanada Azərbaycan-Ermənistan sammitində əldə edilmiş razılaşmaların gerçəkləşməsi ciddi çətinləşə bilər. Biz münaqişə tərəflərini vəziyyəti sabitləşdirməyə yönəlmiş əlavə tədbirlər görməyə, o cümlədən atəşkəs rejiminin möhkəmlənməsi haqqında 4 fevral 1995-ci il tarixli sazişdə nəzərdə tutulan mexanizmləri işə salmağa çağırırıq".

Lakin real vəziyyətin təhlili göstərir ki, həmsədrlərin və digər beynəlxalq təşkilatların narahatlığı cəbhə zonasında atəşkəsə tam əməl olunması üçün yetərli deyil. Bu mənada atəşkəsin bundan sonra intensiv pozulması və hətta, mövqe hücumlarının yaşana bilməsi istisnalıq təşkil etmir. Belə vəziyyətdə isə qeyd olunduğu kimi, ermənilər Ermənistanı və Qarabağı tərk edirlər.

Ermənistan Polisinin Viza və Pasport İdarəsinin əməkdaşlarından biri "Aykakan Jamanak" qəzetinə bu xüsusda bildirir: "Ermənistanda Viza və Qeydiyyat İdarəsinə hazırda vətəndaşların çox böyük axını müşahidə olunur. Onların əksəriyyəti ölkəni tərk etmək üçün ya pasportlarını dəyişirlər, ya da yenisini alırlar. Xüsusən də, yanvar ayında Viza və Qeydiyyat İdarəsinə müraciət edənlərin sayı çoxalıb. Hətta, elə hallar da olur ki, vətəndaş pasportunu almağa hazır çemodanla gəlir və pasportunu aldıqdan sonra evinə dönmədən xaricə üz tutur".

Ermənilərin həm Ermənistandan, həm də Qarabağdan qaçması ilə bağlı diqqət çəkən məqamlardan biri prosesin yanvar ayında daha da intensivləşməsidir. Bir daha xatırladaq ki, məhz yanvarın ikinci yarısından cəbhə zonasında gərgin vəziyyət yaranıb. Bu mənada demək olar ki, ermənilərin qaçışını sürətləndirən əsas amillərdən biri məhz, cəbhə zonasında yaşanan olaylardır.