Cənub bölgəsi qarın əsirinə çevrilib
31 Yanvar 2014 23:48 (UTC+04:00)
Ötən gün axşam saatlarından başlayaraq cənub bölgəsinə yağan qar
müxtəlif fəsadlara səbəb olub.
APA-nın cənub
bürosunun məlumatına görə, Ələt-Astara magistralının Lənkəranın
Şirinsu, Göyşaban, Ürgə kəndləri və Liman şəhərindən keçən
hissəsində yollar buz bağladığından avtomobillərin hərəkəti
çətinləşib. Rayonun bəzi yaşayış məntəqələrində
elektrik enerjisinin və təbii qazın verilməsində fasilələr
yaranıb. Lerik və Yardımlı rayonlarına yağan qarın qalınığı
40-50 santimetrdən çox olub. Nəticədə 35 kilovoltluq
Lənkəran-Hamarat-Lerik elektrik hava xəttində qəza vəziyyəti
yarandığından Lerikin 50-dən çox yaşayış məntəqəsi işıqsız qalıb.
Qəza briqadalarının səyləri nəticəsində günün sonuna kimi 40 kəndə
elektrik enerjisinin verilişi bərpa olunsa da, hazırda 7 kənd hələ
də işıqsızdır. Lerik rayonunun Vamazqon kəndinin ərazisində torpaq
sürüşməsi baş verdiyindən Masallı-Tüklə-Lerik yüksək təzyiqli qaz
xəttində qəza vəziyyəti yaranıb. Bu isə Lerik və Yardımlı
rayonlarının qazsız qalması ilə nəticələnib.Lerik Rayon İcra
Hakimiyyəti başçısın müavini, rayon fövqəladə hallar komissiyasının
sədri Habil Məlikovun APA-nın yerli
bürosuna verdiyi məlumata görə, "Azəriqaz" İstehsalat Birliyinin
mütəxəssisləri hər iki rayona təbii qazın verilməsini bərpa etmək
üçün təmir və bərpa işlərini davam etdirirlər. Lənkəran-Lerik,
Masallı-Yardımlı və Lənkəran-Boradigah şose yollarında zəruri
qabaqlayıcı tədbirlər görüldüyündən nəqliyyat vasitələrinin
hərəkətində hər hansı ciddi çətinliklər qeydə alınmayıb. Bununla
belə bölgənin ayrı-ayrı ərazilərində xırda yol qəzaları baş verib.
Hazırda bölgədə qar yağmaqda davam edir.