Yollarda son durum-Ağsu aşırımı bağlıdır

1 Fevral 2014 11:00 (UTC+04:00)

Azərbaycan ərazisində müşahidə olunan qarlı və şaxtalı hava şəraitinə baxmayaraq, hazırda Bakıda və respublikanın magistral yollarında nəqliyyatın hərəkətində problem yoxdur. Bunu Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib. Onun sözlərinə görə, Bakı-Quba, Bakı-Şamaxı, Cəlilabad-Yardımlı, Gədəbəy-Şəmkir, bir sözlə, bütün istiqamətlərdə "Azəryolservis"in texnikası səfərbər olunub. Lakin o, yalnız Ağsu aşırımdan sürücülərin istifadə etməməsini tövsiyə edib. P.Mürsəliyev deyib ki, həmin ərazi təhlükəli yol hesab olunur və təmir olunmalıdır: "Buna görə də sürücülərə alternativ yol kimi Bakı-Qazax yolundan istifadə etmələrini tövsiyə edirik". Qeyd edək ki, "Azəryolservis" respublika üzrə 1 100 maşın və texnikaya malikdir. Bundan başqa, 20 min kubmetrə yaxın qum ehtiyatı, 1 500 ton duz ehtiyatı var. P.Mürsəliyev bildirib ki, havaların yenidən kəskinləşəcəyi və ehtiyac yaranacağı halda, duz və qum ehtiyatı artırıla bilər.