Elmar Məmmədyarov: Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır

1 Fevral 2014 15:42 (UTC+04:00)

Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq üçün ilk növbədə Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır.

Trend-in Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bunu nazir Elmar Məmmədyarov Münhen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində Almaniyanın ən iri ictimai televiziya kanallarından olan ZDF-in baş redaktor müavini Elmar Tevessen ilə görüşü zamanı bildirib.

Görüş əsnasında E.Məmmədyarov Azərbaycanın xarici siyasətinin prioritetləri, müstəqilliyini qazandıqdan sonra ölkəmizin sosial-iqtisadi tərəqqisi və qısa müddət ərzində əldə etdiyi nailiyyətlər barədə danışıb.

Nazir Azərbaycanın uğurlu enerji siyasəti və Avropanın enerji təhlükəsizliyində oynadığı roldan danışaraq, bu xüsusda TANAP və TAP layihələri və "Şahdəniz-2" layihəsi üzrə yekun investisiya qərarının imzalanmasına dair 17 dekabr 2013-cü ildə Bakıda keçirilmiş mərasim barədə məlumat verib.

Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin gələcək inkişaf perspektivlərinə toxunan E.Məmmədyarov bu münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində həyata keçirilməsinin hər iki tərəf üçün kəsb etdiyi əhəmiyyəti vurğulayıb.