Ermənistanda yaradılan KTMT-nin Akademiyası sentyabrın 1-dən fəaliyyətə başlayacaq
2 Fevral 2014 14:18 (UTC+04:00)
Ermənistanda yaradılan Kollektiv Təhlükəsizlik Müqaviləsi
Təşkilatının Akademiyası 2014-cü ilin sentyabrın 1-dən fəaliyyətə
başlayacaq. Movqe.az-ın "RİA Novosti"yə istinadən verdiyi xəbərə
görə, bu barədə ötən gün Ermənistan Milli Təhlükəsizlik Şurasının
katibi Artur Baqdasaryan bildirib. "Düşünürəm ki, bu yaxşı
platforma olacaq və Ermənistanın beynəlxalq nüfuzuna müsbət təsir
edəcək", deyə Artur Baqdasaryan jurnalistlərə bildirib.
Xatırladaq ki, Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi
Təşkilatı Akademiyasının yaradılması barədə anlaşma memorandumu
ötən il imzalanıb. Memorandum təşkilatın baş katibi Nikolay
Bordyuja və Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Artur
Bağdasaryan tərəfindən imzalanmışdı. Artur Bağdasaryan həmçinin
bildirib ki, iyulun birinci ongünlüyündə Ermənistanda xarici
ekspertlərin, ictimai və dövlət xadimlərinin iştirakı ilə 1-ci
beynəlxalq strateji forum keçiriləcək. Forumda təhlükəsizlik
məsələləri müzakirə olunacaq. "Biz Ermənistanda təhlükəsizlik
məsələlərinin müzakirəsi üçün beynəlxalq platforma formalaşdırmaq
niyyətindəyik", deyə Bağdasaryan bildirərək bu cür tədbirin hər il
keçiriləcəyini qeyd edib.