Azərbaycan tanklarının cəbhə xəttinə irəliləməsi haqda yeni xəbər

2 Fevral 2014 19:06 (UTC+04:00)
Azərbaycanın təmas xəttinə zirehli texnika yeritməsinə dair yeni iddia səsləndirilib. ANS PRESS-in məlumatına görə, bu dəfə Ermənistan mətbuatı belə bir iddia ilə çıxış edib. Panarmenian.net saytı separatçı Dağlıq Qarabağ rejiminin "müdafiə nazirliyi"nə istinadən belə informasiya yayıb. Yayılan məlumatda Azərbaycan tərəfinin təmas xəttinin bəzi məntəqələrində hərbi texnika cəmləşdirdiyi bildirilir. Məqalədə ermənilərin vahiməyə düşdüyü də diqqətdən qaçmır. 

Belə ki, ermənilərin millli təhlükəsizliyinə məsul bəzi şəxsləri müharibənin başlanma ehtimalından danışaraq hərbi əməliyyatların yenidən start götürəcəyi təqdirdə hər iki tərəfin çoxlu itki verəcəyini bildirirlər. 

Qeyd edək ki, Türkiyənin "Yeni Şafak" qəzeti də bir həftə əvvəl Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttinə doğru birincilərin tanklarının hərəkət etdiyi barədə məlumat yaymışdı. Qəzətin internet səhifəsində yerləşdirilən məqalə Ermənistanda böyük vahimə yaratmışdı. Ermənilərin armenpress saytı "Yeni Şafak" qəzetində yayımlanan yazını şərh edərək tankların cəbhə xəttinə yanaşmasının erməni tərəfinə hansı təsir göstərəcəyi haqda erməni hərbi ekspertlərinin fikrini dərc etmişdi. Yazıda bu xəbərin Ermənistanda qorxuya səbəb olduğu bildirilirdi.