Mina “istəyirəm yenidən filmə çəkilim” - Fotosessiya

6 İyun 2012 15:32 (UTC+04:00)


Movqe.Az xəbər verir ki, Azərbaycanın gənc müğənnisi Mina yenidən filmə çəkilmək istəyir. Bu haqda populyar ifaçı verdiyi açıqlamada bildirib.

"Xoca" filmində özünü aktrisa kimi də sınaqdan keçirdən, müğənni nəhayət ki, öz təəssüratları ilə bölüşdü.  

"Mən bu filmə çəkilərkən başa düşdüm ki, kliplərdə müğənni fərqli obrazlar yaradır, ancaq film aktrisalığı fərqlidir. Klipdə mənə səsim, yəni mahnım da yardımçı olur, burada isə tək özüməm. Filmin rejissoru Vahid Mustafayev məndən bir aktrisa kimi nə tələb etdiyini gözəl bilirdi və bunu mənə çox aydın başa salırdı. Səhnələrin birində çiynimdə bir avtomat, əlimdə də digəri vardı. Normal çəkimin 48 kq olmasını nəzərə alsanız, mənə nə qədər çətin olduğunu anlayarsınız. Avtomatdan istifadə eləmək isə ikiqat çətin idi, çünki çox ehtiyatlı olmaq lazım idi. Qeyd edim ki, mən bu filmdə gənc qız - Mehriban rolunu ifa etmişəm.

Hal-hazırda məni yenidən filmə çəkmək istəsələr razı olaram. Çünki bu sənət çox maraqlıdır. Lakin buna baxmayaraq mən müğənniliyi heç bir şeyə dəyişmərəm. Lakin indi istəyirəm yenidən filmə çəkilim", - Mina deyib.

Qeyd edək ki, gənc ifaçı "Hər şey istəyirəm" mahnısı ilə qısa bir zamanda böyük kütlənin sevimlisinə çevrildi. Mina həm ifa tərzi ilə, həm də, imidci ilə hər zaman fərqlənir.

Türkan Nadirqızı

Movqe.Az