Şadlıq evlərindəki qidalarda dəhşətli faktlar
3 Fevral 2014 09:25 (UTC+04:00)
Şadlıq evlərindən götürülən yeyinti məhsulları nümunələrinin 23-də
mikrobioloji çirklənmə aşkar edilib.
Səhiyyə nazirliyinin mətbuat xidmətindən Movqe.az-a verilən
məlumata görə, respublikanın sanitariya-epidemioloji xidmət
orqanları tərəfindən 2013-cü ilin dekabr ayı ərzində şadlıq
evlərindən 1158 yaxma nümunəsi, 23 soyuq qəlyanaltı nümunəsi
götürülüb. Aidiyyəti üzrə müayinə üçün laboratoriyaya
göndərilən qidalarda zərərli tapıntılar aşkarlanıb. Belə ki,
müayinə zamanı 23 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkar
edilib. Dekabr ayı ərzində əhali arasında baş vermiş 64 qida
zəhərlənməsi hadisəsindən 113 nəfər zərərçəkən, o cümlədən 9
botulizm hadisəsindən 17 nəfər zərərçəkən olub.