Ali məktəblərdə yenilik

3 Fevral 2014 12:45 (UTC+04:00)

Təhsil Nazirliyi tərəfindən ali təhsil sahəsində həyata keçiriləcək islahatların əsas prioritetləri açıqlanıb.

Təhsil Nazirliyindən Movqe.az-a verilən xəbərə görə, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda müəyyən edilmiş əsas hədəflərin həyata keçirilməsi ilə bağlı ictimaiyyəti məlumatlandırmaq məqsədilə təhsilin bütün pillələri üzrə hər növbəti il üçün prioritetlərini əvvəlcədən elan etmək siyasətini həyata keçirir. Keçən ilin sonunda nazirlik ümumi təhsil pilləsində aktual problemlərin həllinə istiqamətlənmiş islahatyönlü tədbirlər planını açıqlayıb. Bu istiqamətdə növbəti addım olaraq, ali təhsildə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər planı hazırlanıb. Sözügedən tədbirlərin keçirilməsində əsas məqsəd ali təhsil müəssisələrində şəffaf və səmərəli təhsil mühitinin yaradılması, təhsilin keyfiyyətinin yüksəldilməsi və ali məktəblərin idarə olunmasının müasir tələblər səviyyəsində qurulmasıdır. Bu məqsədlə Təhsil Nazirliyi növbəti tədris ilində bir sıra tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Bunlar ali təhsil sistemində yeni tədris mühitinin yaradılması və yüksək keyfiyyətli kadr hazırlığının təmin edilməsi məqsədi ilə dövlət ali təhsil müəssisələrində "SABAH" (savadlı, bacarıqlı, hazırlıqlı) qruplarının təşkili, ali təhsil müəssisələrinin fəaliyyətlərinin effektivliyini müəyyənləşdirən göstəricilər sisteminin işlənib hazırlanması, ölkənin sosial-iqtisadi inkişafı üçün ixtisasların prioritetliyi nəzərə alınmaqla, tələbə qəbulu planının formalaşdırılmasına dair yanaşmaların təkmilləşdirilməsi, dövlət sifarişi ilə kadr hazırlığı standartlarının yüksəldilməsi üçün dövlət sifarişində iştirak edəcək universitetlərin seçim meyarlarının hazırlanmasıdır. Bunda əlavə, həyata keçiriləcək tədbirlərə ölkə iqtisadiyyatının inkişaf səviyyəsinə və əmək bazarının mövcud tələblərinə cavab verən müasir kadr hazırlığının təmin edilməsi, habelə ali təhsil proqramlarının (standartlarının) Avropa məkanında tətbiq olunan müvafiq sənədlərə uyğunlaşdırılması məqsədi ilə bakalavr və magistr ixtisasları üzrə təhsil proqramlarına (standartlarına) yenidən baxılması, ali təhsil müəssisələrinin Avropa təhsil məkanına inteqrasiyasının təmin edilməsi üçün Boloniya prosesinin tətbiqi üzrə univesitetlərarası komitənin yaradılması, abituriyentlərin peşəyönümlü ixtisas seçimi mexanizminin formalaşdırılması və təhsilin müxtəlif səviyyələri arasında varislik və fasiləsizlik prinsiplərinin təmin edilməsi məqsədi ilə orta məktəblərin, ilk peşə və orta ixtisas təhsili müəssisələrinin ixtisas hazırlığı profili nəzərə alınmaqla müvafiq ali təhsil müəssisələrinə təhkim edilməsi daxildir.Aztəminatlı ailələrdən olan gənclərin ali təhsil almaq imkanlarının artırılması üçün pilot qaydasında təhsil kreditlərinin tətbiqinə başlanılması, müasir və şəffaf idarəetmə modelinin qurulması ideyasını rəhbər tutaraq, ali təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən normativ bazanın təkmilləşdirilməsi və korporativ idarəetmə prinsiplərinin tətbiqi, maliyyə resurslarının istifadəsində səmərəliliyin və şəffaflığın artırılması məqsədi ilə dövlət ali təhsil müəssisələrində maliyyə hesabatlılığı sisteminin tətbiqinin genişləndirilməsi, təhsilalanların hüquqlarının qorunması və aparılan tədrisin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə təhsil müəssisələrinin akkreditasiya sisteminin yaradılması kimi tədbirlər də həyata keçiriləcək.