Ziya Məmmədovdan taksi sürücülərinə sərt tələb-Özəl
3 Fevral 2014 15:57 (UTC+04:00)
Paytaxtda taksi fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə qarşı
yeni tələb hazırlanır. Bu barədə Movqe.az-a Nəqliyyat Nazirliyinin
mətbuat xidmətinin rəhbəri Namiq Həsənov məlumat verib. N.Həsənov
bildirib ki, hazırda şəxsi maşınından taksi kimi istifadə edənlər
fərqlənmə nişanı alsalar da lisenziyasız fəaliyyət göstərirlər:
"Bundan sonra taksi xidməti göstərən avtomobillərdə sayğacın
quraşdırılması tələb kimi qoyulacaq. Taksi xidməti ilə məşğul olmaq
istəyənlər 5 il müddətinə lisenziya alarkən onlara sayğac
quraşdırılması tələb kimi qoyulacaq. Hansı taksi bu tələbə əməl
etməyəcəksə ona lisenziya verilməyəcək. Yaxın gələcəkdə bütün
taksilərə sayğac quraşdırılması tələb kimi qoyulacaq".
Qar yağandan paytaxtda taksi xidməti göstərən avtomobillərin süni
qiymət artımından şikayətlərə gəlincə, N. Həsənov məsələyə belə
münasibət bildirib: "Biz sərnişinləri səsləyirik ki, sayğacı olan
taksilərin "London"taksilərinin xidmətindən yararlansınlar. Sayğac
olmayan taksilərin fəaliyyəti isə qanunsuz sayıldığından biz
onların qiymət siyasətinə müdaxilə edə bilmirik".
Movqe.az-ın fərqlənmə nişanı olan taksilərdə də anoloji vəziyyətin
olmasına dair sualına N. Həsənov həmin taksilərin də qanunsuz
fəaliyyət göstərdiyini söyləyib: "Fərqlənmə nişanı üçün taksi
xidməti göstərənlərin ödədiyi aylıq məbləğ vergidir. Onlar 150
manat ödəyərək 5 illik lisenziya almalıdırlar. Lisenziyanın
tələblərində də nəzərdə tutulub ki, sayğac quraşdırılmayan
taksilərə lisenziya verilməəcək".