Avropa Parlamentində Azərbaycanın mobil elektron imzasının təqdimatı olacaq

4 Fevral 2014 11:05 (UTC+04:00)

"Asan İmza" mobil elektron imza Brüsseldə Avropa Parlamentində nümayiş etdiriləcək. Bu barədə bazar ertəsi Trend-ə Vergilər Nazirliyindən deyiblər.


Nazirlikdən bildiriblər ki, fevralın 19-da baş tutacaq "Asan İmza" təqdimatında vergilər naziri Fazil Məmmədovun başçılıq etdiyi nazirliyin nümayəndə heyəti, Avropa Parlamenti və biznes strukturlarının nümayəndələri iştirak edəcəklər.


Vergilər Nazirliyinin mütəxəssisləri rəqəmsal imzadan istifadə etməklə əməliyyatların həyata keçirilməsi üçün proqram təminatının işini nümayiş etdirəcəklər.


Nazirlikdən qeyd ediblər ki, "Asan İmza" elektron imza Avropa İttifaqının direktivlərinə tam uyğundur ki, bu da onun Avropa ölkələri tərəfindən tanınmasını asanlaşdırır.


Qeyd edək ki, Vergilər Nazirliyinin qərarı əsasında yaradılmış "ASAN" Sertifikat Xidmətləri Mərkəzi (ASXM) - autentifikasiya və "ASAN imza" mobil elektron imza sertifikatlarını təqdim edir və dövlət strukturları, özəl sektor və vətəndaşlar tərəfindən sertifikatların və elektron imzaların istifadəsini təmin edən digər xidmətləri həyata keçirir.


Asan İmza (Mobil imza) - Vergilər Nazirliyi, ASAN xidmət mərkəzləri və Mobil operator tərəfindən verilən və elektron xidmət istifadəçisinin autentifikasiyasını, sənədin elektron imzalanmasını və imzalayan şəxsin şəxsiyyətinin müəyyən edilməsini (identifikasiyasını) təmin edən xidmətdir. Asan İmza (Mobil imza) bütün mövcud e-xidmətlərdən istifadəni mümkün edir.


Azərbaycanda mobil elektron imzanın tətbiqinə 2013-cü ilin mayında başlanılıb.