Texnikuma girmək asanlaşdı

5 Fevral 2014 14:13 (UTC+04:00)
Bu il Azərbaycanda 9 illik bazadan orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının qaydaları dəyişdirilib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verlən xəbərə görə, 9 illik təhsil bazası üzrə buraxılış imtahanlarının nəticələri ilə bu ilin məzunları olan şagirdlər kolleclərə qəbul ola biləcəklər. Onun sözlərinə görə, cari ilin məzunları üçün 9 illik bazadan orta ixtisas təhsili müəssisələrinə ayrıca qəbul imtahanları keçirilməyəcək: "Orta ixtisas təhsili müəssisələrinə 9 illik təhsil bazasında ayrıca imtahan yalnız əvvəlki illərin məzunları üçün həyata keçiriləcək. Həmin imtahanın iyunun sonunda keçirilməsi nəzərdə tutulur. İmtahanlarda məzunlar hər iki fənn üzrə 30 sual olmaqla, ümumilikdə 60 sualı cavablandıracaq".
E. Nağızadə qeyd edib ki, 9 illik təhsil bazası üzrə buraxılış imtahanlarında məzunların verəcəyi imtahan fənlərinin sayı da azaldılıb. Onun sözlərinə görə, əvvəllər 9 illik bazadan orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında məzunlar ana dili, Azərbaycan tarixi və riyaziyyat fənlərindən test imtahan verirdilər: "Bu ildən isə həm ötən illərin, həm də cari ilin məzunları yalnız 2 fəndən - ana dili və riyaziyyat fənlərindən imtahan verəcəklər. "Azərbaycan tarixi" fənni bu il 9 illik bazadan orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarından çıxarılıb və məzunlara qəbul imtahanlarında "Azərbaycan tarixi" fənni üzrə suallar təqdim edilməyəcək".