Xaricdən gələn ağaclar şaxtaya təslim olur?!

5 Fevral 2014 17:26 (UTC+04:00)

Bu gün şəhərimizin demək olar ki, hər yerində ən müasir tələblərə cavab verən parklar salınıb. Parkların bəzədilməsində də bir sıra  hallarda xaricdən gətirilən dekorativ bitkilərdən istifadə olunur. Bu bitkilərin baxımı da kifayət qədər diqqət tələb edir. Yerli olmadıqlarından, onların  müvafiq iqlim şəraitinə uyğunlaşmaları da zaman alır. Bəzi hallarda ümumiyyətlə, uyğunlaşa da bilmirlər.  Bir neçə gündür ki, ölkəmizdə şaxtalı hava şəraiti davam edir. Maraqlıdır,  insanları belə donduran bu soyuğa min bir əziyyətlə saxlanan bitkilər dözə bilirlərmi? 

AMEA Mərkəzi Nəbatat Bağının elmi işlər üzrə direktor müavini Vahid Fərzəliyev bu bitkilərin qışdan çıxıb-çıxa bilməyəcəklərinin sual altında olduğunu deyir: "Dekorativ bitkilər özləri də müxtəlifdir. Onların içərisində soyuğa davamlı olanlar da, olmayanlar da var, təbii ki. Onlar hələ ki, təcrübədən keçirilir. İqlimə uyğunlaşa bilənlər yaşayacaq, davamlı olmayanlar isə, təbii ki donub məhv olacaqlar. Əgər o bitkilər qışdan çıxa bilməyəcəksə, onda müvafiq qurumlar əmin olacaqlar ki, onlar müvafiq iqlimə adaptasiya olmur və yerli bitkiləri əkmək lazımdır. Amma təcrübədən çıxmamış hələ heç bir şey demək mümkün deyil. 

Dekorativ ağacların əksəriyyəti xaricdən gətirilir və hal-hazırda çoxu yerli şəraitə uyğunlaşıbdır. Bizdə dekorativ yerli ağaclar, demək olar ki, bir o qədər də geniş becərilmir, əkilmir. Ölkəyə gətirilən zaman isə ağaclar seçilib gətirilir. Həm görünüşünə, həm yaşama şəraitinə diqqət edilir və təbii ki, iqlimə daha çox uyğun olanlar gətirilir".  

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov yerli ağacların xarici dekorativ ağaclarla əvəzlənməsini doğru hesab etmir: "Ölkəyə cənubdan gətirilən dekorativ ağaclar şaxtalı havaya dözümlü bitkilər deyillər və onların əksəriyyəti bu soyuqlarda məhv olub gedəcək. Onların yerinə yerli ağaclar əkilsəydi, indi problemlər də yaşanmazdı. Bəzək üçün idarələrin, müəyyən qurumların qarşısına xarici ağaclar əkmək olar. Amma yaşıllıq nöqteyi-nəzərdən, oksigenli hava üçün yerli ağaclar olmalıdır. Ehtiyac yoxdur ki, Eldar şamı, Çinar ağacları xaricdən gətirilən palmalarla əvəzlənsin. Bir az şaxta olan kimi onlar məhv olavcaq. Amma şam, çinar, qovaq ağacları bizim təbiətimizə uyğun ağaclardır və hər mövsümə uyğunlaşa bilirlər".