Bazar və yarmarkalar şəhər mərkəzindən çıxarılır

7 Fevral 2014 08:24 (UTC+04:00)

Vaxtaşırı gündəmə gələn məsələlərdən biri də bazar və yarmarkaların şəhər mərkəzindən kənara çıxarılması ilə bağlıdır. "Fineko" agentlyinin məlumatına görə, bazar və yarmarkaların şəhər mərkəzindən kənara çıxarılması ilə bağlı plan hazırlanıb və onun dövlət qurumları arasında razılaşdırılması həyata keçirilir. Qeyd edək ki, son illərdə daha çox ölkə analoji təcrübədən istifadə edir.

Məsələn, elə qonşu Rusiyanın paytaxtı Moskvanın özündə mərkəzdəki bazarların bağlanması və onların kənar yerlərə köçürülməsi prosesi gedir. Onları mərkəz ərazilərdə iri supermarketlər əvəz edir. Bakıya gəldikdə, mütəxəssislər bəzi müəssisələrin, o cümlədən bazarların şəhər mərkəzindən kənara köçürülməsini vacib sayır.

Görəsən, bazar və yarmarkaların şəhər mərkəzindən çıxarılması məsələsi Bakıya nə vəd edir? Onun reallaşması bazar məhsullarının qiymətinə hansısa bir formada təsir edə bilərmi?

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov düşünür ki, bazarların şəhər mərkəzindən çıxarılması mərkəzdə supermarketlərin dövriyyəsinin artırılmasına hesablanmış addım ola bilər. Lakin həmsöhbətimiz belə bir addımın uğurlu ola biləcəyinə də şübhə ilə yanaşır: "Kənd təsərrüfatı məhsullarının satışını həyata keçirən bazar və yarmarkaların şəhər mərkəzindəki ərazilərdən kənara çıxarılması heç də yaxşı hal sayıla bilməz. Çünki belə olacağı halda şəhər kənarında nə qədər bazarın tikiləcəyi, orada kənd təsərrüfatı məhsulunun satışı ilə məşğul olan fermerə hansı şəraitin yaradılacağı kimi məsələlər sual altında qalır. Həmçinin, bu zaman Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti də nəzərə alınmalıdır. Bazarların kənara aparılması ilə istehlakçılar öz ciblərindən əlavə pul xərcləməli olacaq. Kənar ərazilərdəki həmin bazarlara birbaşa avtobuslar təşkil olunsa da bu indiki halda məsələnin uğurlu həllinə imkan verməyəcək. Bunun mümkün olacağını düşünmürəm. Adətən, uzaq məsafə qət etməklə bazarlıq edən insanlar gündəlik deyil, əsasən həftəlik bazarlığa üstünlük verir. Bu halda da alıcıların yükünün ağır olacağı, daşınmanın çətin olacağı halları nəzərə alınmalıdır.

Son zamanlar bildiyiniz kimi, MDB məkanında bazarların kənar ərazilərə sıxışdırılması, əvəzində mərkəzi hissələrdə supermarket şəbəkələrinin genişləndirilməsi prosesi gedir. Bu mənada düşünürəm ki, təkcə Moskvada həyata keçirilən son addımları misal çəkmək kifayətdir. Lakin istehlakçı kənd təsərrüfatı məhsulunun əlçatan olmasında maraqlıdır. Bu mənada bazarların şəhər kənarına daşınması onların bu marağının üzərindən xətt çəkir.

Hazırda şaxtaların olması səbəbindən bazarlardakı bir çox məhsullar donaraq xarab olur. Belədə ciddi itkilər yaşanır. Amma normal şərait yaradılsa, bu kimi problemlər də olmaz". V. Məhərrəmov bazarların şəhərdan kənara çıxarılmasının satış qiymətlərinə təsir etməyəcəyi qənaətindədir: "Bu proses satış qiymətlərinə elə bir təsir etməyəcək. Ancaq istehlakçının cibinə təsir edəcək, onlar daha çox vəsait sərf etməli olacaq".

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev isə bildirdi ki, yarmarka və bazarların şəhər kənarına köçürülməsi məsələsi gündəmdə yoxdur. Sadəcə olaraq, nazirlik yarmarkaların təkmilləşdirilməsilə bağlı təkliflər üzərində çalışır: "Kənd təsərrüfatı yarmarkalarının təşkili məsələsilə bağlı dövlət başçısının da sərəncamı vardır. Artıq nazirlikdə bu istiqamətdə təkliflər hazırlanır, yaxın günlərdə təqdim olunacaq. Yarmarkaların təkmilləşdirilməsi, buradakı süni istifadə hallarının aradan qaldırılması ilə bağlı nazirlikdə təkliflər paketi hazırlanır. Bu istiqamətdə yerli icra hakimiyyəti orqanlarına da müəyyən tapşırıqlar verilib. Fermerlər üçün əlverişli ticarət mühitinin formalaşdırılması, pərakəndə satış bazarlarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə yarmarkalar yenidən təşkil olunmalıdır. Amma yenidən təşkil ilə bağlı olaraq yarmarkaların şəhər mərkəzindən çıxarılması məsələsindən söhbət getmir. Sadəcə, yarmarkaların işinin daha səmərəli təşkili üçün təkmilləşdirilmə işləri aparılması təklif olunur. Bu təkmilləşmə işlərinin özündə nəyi ehtiva etdiyini isə işə başlayanda məlumat verəcəyik".